"Qarabağ"ın vahimə saçan London səfəri - Pafos yox, ümid

26 Sentyabr 2024 16:20 Qarabağ 852
"Qarabağ"ın vahimə saçan London səfəri - Pafos yox, ümid

"Qarabağ" Avropa arenasında ardıcıl 11-ci dəfə çıxış edəcəyi qrup mərhələsinə bu gün start verəcək.

Azərbaycanın son çempionu İngiltərədə meydana çıxacaq.

"Atlılar" futbolun vətənində "Tottenhem"in qonağı olacaq.

Rəqibin büdcəsi "Qarabağ"dan təxminən 40 dəfə böyükdür.

Heyətində dəyəri 30 milyon avrodan çox olan 15-dən çox futbolçu yer alıb.

Arasında kapitan Son Xin Min (45 milyon avro), Argentina millisinin üzvü Kristian Romero (65milyon avro), ingiltərəli Jeyms Maddison (70 milyon avro), İsveç millisinin yarımmüdafiəçisi Deyan Kuluşevski (55 milyon avro), Uelsdən Brennan Jonson (48 milyon avro), Braziliyalı forvard Riçarlison (38 milyon avro) yer alır.

Məsələn, "Qarabağ"da ən dəyərli futbolçu Olavio Juninyodur - 2 milyon avro.

Start fiti 23:00-da veriləcək matçın keçiriləcəyi "Tottenhem Hotspur Arena"nın tutumu 62850 nəfərdir.

"Köhlən atlar"ın rəqiblərini qəbul etdiyi "Azərsun Arena"ya maksimum 4677 azarkeş gələ bilər.

"Tottenhem"in çıxış etdiyi İngiltərə Premyer Liqasının səviyyəsi və ingilis azarkeşlərinin çılğınlığı barədə isə geniş təqdimata ehtiyacı yoxdur.

Qısası, rəqibin adı, təmsil olunduqları liqanın çəkisi, büdcəsi, heyətindəki futbolçuların dəyəri hansı pəncərədən baxsaq vahimə saçır.

Uğurlu nəticə barədə plan qurmağa yer qoymur.

Heç nəticə barədə çox da düşünməyə dəyməz.

Hətta hansısa ağır məğlubiyyət bədbinliyə yol açmalı deyil.

Azərbaycan futbolunun tarixində belə matçların sayı iki əlin barmaq sayı qədər ancaq olar.

Ona görə də "Qarabağ"ın Londonda meydana çıxmasından həzz almaq lazımdır. Bunun özü artıq uğurdur.

Həm də Azərbaycan futbolu üçün növbəti böyük təcrübə.

Qısası, yaxşı nəticə ilə bağlı pafosa yer yoxdur, tam ümidsiz olmaq isə insafdan deyil.

Axı "Qarabağ" belə ağır sınaqlarda bizi az sevindirməyib.

Söhbət İspaniyada ("Atletiko" matçı), Almaniyada ("Bayer"lə görüş), İtaliyada ("Roma"ya qarşı) top-klublara qarşı ləyaqətli mübarizəsi ilə yadda qalmasından gedir. Sürpriz nəticə əldə etdiyi də olub, son anda əldə verdiyi də.

Ümid edək ki, Qurban Qurbanovun komandası növbəti cəsarətli çıxışı ilə axşamkı matçın həzzinə əlavə dad qatmış olacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti