“Bizi İngiltərədə çox maraqlı oyun gözləyir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Tottenhem”in sabiq futbolçusu, vaxtilə Azərbaycanda “Şamaxı” və “Turan Tovuz”da çıxış etmiş Natan Oduva deyib.
Keçmiş komandasının Avropa Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəyi oyundan danışan 29 yaşlı hücumçu şansları dəyərləndirib.
O, London və Ağdam təmsilçilərinin kifayət qədər keyfiyyətli oyunçulara sahib olduğunu bildirib: “Bu mənada şansları bərabər qiymətləndirirəm.
Tərəflərdən hər biri bu görüşdə qələbə qazana bilər. Bu komandalar 2015-ci ildə də üz-üzə gəlmişdilər. Fikrimcə, azarkeşlər üçün maraqlı oyun olacaq”.
İngiltərəli forvard hər iki komandanın hücum futbolu oynadığını vurğulayıb:
“Bu da oyuna əlavə rəng qatacaq. Həm “Tottenhem”, həm də “Qarabağ” meydanda bu cür mübarizəni sevir”.
Sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

