"Qarabağ" Avropa Liqasının qrup mərhələsində yeni mövsümə İngiltərədə start verəcək.
Son çempionumuz futbolun vətənində "Tottenhem"lə üz-üzə gələcək.
Şübhəsiz ki, liqaların səviyyəsinə, klubların büdcəsinə, heyətlərin keyfiyyətinə baxası olsaq, "köhlən atlar"ın ağır səfərdə şanssız olduğu görünür.
Maraqlıdır, belə məqamda hansı detal Qurban Qurbanovun kollektivinin dadına çata bilər?
Ki, uğurlu nəticə ilə Bakıya dönmək mümkün olsun.
Sorğumuza cavab olaraq “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Sportinfo.az-a açıqlamasında bunları dedi:
"İlk öncə qrup mərhələsində "Qarabağ"a uğurlar arzulayıram. İlk matçda rəqib güclü İngiltərə təmsilçisidir. A
mma "Tottenhem" tanış rəqibdir. Bir neçə il əvvəl üz-üzə gəliblər.
Təbii ki, İngiltərə çempionatındakı sürət, səviyyə bizim çempionatdan dəfələrlə yüksəkdir. Amma indiki "Tottenhem" ötəndəfəki "Tottenhem"lə müqayisədə bir qədər zəifləyib.
Son oyunlarda da stabil çıxış etmir. Əvəzində "Qarabağ" son illər bu tipli klublara qarşı oyunlarda böyük təcrübə toplayıb.
Məsələn, "Bayer"lə matçları deyə bilərik. Ümumi müqayisə edəsi olsaq, "Qarabağ" komanda olaraq daha da artırırıbsa, rəqib enişdədir.
Bu amillər xeyrimizə işləyə bilər. İlk dəqiqələrdə ingilis azarkeşlərin və futbolçuların kəskin təzyiqinə duruş gətirmək şərtdir.
Bunu bacara bilsək, davamı daha rahat ola bilər. Standart vəziyyətlərdə maksimum diqqətli olmaq gərəkir.
Düşünürəm ki, səfərdəki atmosferi hiss etdikdən sonra "Qarabağ" "Tottenhem"ə problem yarada bilər.
Düzdür, çətin olacaq, lakin startdakı təzyiqdən çıxmaq mümkün olsa, "Qarabağ" Bakıya xalla qayıda bilər".
XANOĞLAN

