Cümə axşamı “Tottenhem”lə üz-üzə gələcək “Qarabağ” avrokubok tarixində İngiltərəyə üç dəfə səfər edib.
Bir dəfə Çempionlar Liqasının, iki dəfə Avropa Liqasının qrup mərhələsi çərçivəsində yollandığı Londondan bütün hallarda məğlub qayıdıb.
2015/16 mövsümündə “Tottenhem”ə rəqib olan “köhlən atlar” Bakıda 0:1 hesabı ilə məğlub olduğu rəqibinə səfərdə 1:3 hesabı ilə uduzmuşdu.
2 il sonra – 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsiydi və bu dəfə rəqib adlı-sanlı “Çelsi”ydi. Mübarizəyə İngiltərə çempionu kimi qoşulan paytaxt təmsilçisi “Qarabağ”a şans yeri qoymamışdı. Londonda 6:0, Bakıda 4:0 hesablı qələbələr ingilislərin aktivinə yazılmışdı.
Futbolsevərlər 2018/19 mövsümünü yaxşı xatırlayır. Avropa Liqasının qrup mərhələsində “Arsenal”a rəqib olan ağdamlıların bu dəfəki qələbə istəyi də baş tutmamışdı. “Topçular” Londonda 1:0, Bakıda 3:0 hesablı qələbələrlə 6 xalı aktivinə yazdırmışdı.
Göründüyü kimi, “Qarabağ” İngiltərə nəhəngləri ilə qarşılaşmalarda ciddi uğursuzluqlara məruz qalıb – bütün oyunları məğlub başa vurub.
Ümumi göstəricidə 6 oyunda yalnız “Tottenhem”in qapısına yol tapmaqla öz qapısından 18 top buraxıb. Londondakı top fərqi 1-10-dur.
“Qarabağ” artıq 5-10 il əvvəlki komanda deyil. Heyət dəyişib, kollektiv avrokuboklarda zəngin təcrübə toplayıb, ifaçılar əvvəlki illərlə müqayisədə daha effektlidir.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu ilin əvvəlində səfərdə “Braqa”nı udub (4:2), Leverkuzendə “Bayer”ə çətin anlar yaşadaraq 2:3 hesabı ilə uduzub. Almaniya çempionu ilə Bakıda 2:2 bərabərə qalıb.
Yəni indi inam və ümid əvvəlki illərlə müqayisədə qat-qat artıqdır. “Qarabağ” xüsusən müdafiə xəttində diqqətli oynamaqla hazırda Premyer Liqanın 10-cu pilləsində qərarlaşan “Tottenhem”dən 1 xal qopara bilər.
Sentyabrın 26-da “Tottenhem Hotspur stadionu”nda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

