Bugünlərdə "Qarabağ"la müqavilə imzalayan Aleksey Kaşukla bağlı daha bir informasiya əldə etmişik.
Redaksiyamıza daxil olan məlumata görə, o, bir müddət "Bazel"lə danışıqlar aparıb.
İsveçrə klubu ukraynalı legionerlə 2 illik müqavilə şərtlərini öncə razılaşdırıb. Yarımmüdafiəçi sözügedən ölkəyə yollanaraq kontrakta imza atmağa hazırlaşarkən, gözləmədiyi xəbəri alıb.
Prezident Reto Baumgartnerin onun transferinə qarşı olması barədə menecerlər Kaşuku məlumatlandırıb.
O, Ağdam klubuna Şahruddin Məhəmmədəliyevin vasitəsilə keçib. Son olaraq “Şaxtyor”da (Donetsk) çıxış etmiş yarımmüdafiəçi avqustda “Adana Demirspor”dan geri dönmüş qapıçıyla əlaqə saxlayıb, “Qarabağ”la anlaşmaq istədiyini bildirib.
Dağıstanlı kiper də Qurban Qurbanovla danışıb, onların görüşünü təşkil edib.
Müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə beləcə, 3 illik sözləşmə imzalanıb.
Donetsk klubunun yetirməsi 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022/2023 mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib.
Ukraynanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.
Kaşukun «Qarabağ»a hansı məbləğə başa gəlməsi haqda müxtəlif iddialar yayılıb.
«Köhlən atlar»ın adı son günlərə kimi Avropanın müxtəlif klubları ilə yanaşı hallanan ukraynalıya illik 800 min avro ödəyəcəyinə dair söyləntilər çoxdur.
Bu tip xəbərlər həqiqətlə uzlaşmır. Azərbaycan çempionu «Şaxtyor»un yetirməsinə göstərilən rəqəmin yarısından da az əməkhaqqı verəcək.
SPORTİNFO.AZ