"Qarabağ"ın yeni transferi Emmanuel Addai Premyer Liqada debüt edib.
"Zirə" yə qarşı oyunda 84 dəqiqə meydanda olan afrikalı futbolçu ilk matçında qol vurmağı da bacarıb.
23 yaşlı futbolçunun oyununu dəyərləndirmək üçün Ceyhun Sultanova müraciət etdik.
Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən tanınmış futbol adamı Addainin oyun tərzindəki bəzi keyfiyyətləri önə çəkdi:
"Açığı, çox xoşuma gəldi. Sürəti var, birəbir rəqibi keçmək qabiliyyəti var. Həmişə demişəm, əgər vinger oyunçu aldada bilmirsə, deməli, səviyyəsi aşağıdır.
Məsələn, Hamidu Keytadan daha yaxşıdır Addai. İkisi də sürətli olsa da, Addainin topla rəftarı ondan üstündür.
Onun ideal mövqeyi sol cinahdır. Həmin cinahda Zubir oynayır.
Fərqli keyfiyyətlərə malikdilər, üslubları başqadır. Belə görünür ki, Addai Zubirlə rəqabət aparacaq.
Daha dəqiq fikir bildirmək üçün 4-5 oyununu izləmək lazım gələcək. Amma ilkin təəssürat çox yaxşıdır. Səviyyəli oyunçuya bənzəyir".
İspaniyanın "Alkorkon" klubundan transfer edilən Addai son 3 ayda ilk matçına çıxıb.