“Qarabağ” – “Dinamo” qarşılaşmasından sonra (0:2) Abdullah Zubirlə Sami Mmae bir xeyli söhbət etməklə diqqət çəkdilər.
Sami “Ferentsvaroş”un şərəfini qoruyanda ötən il də Bakıya səfər etmiş və Zubirlə rəqib olmuşdu.
Bu ikilini birləşdirən səbəb hər ikisinin əslən Mərakeşdən olması, lakin Avropada doğulmasıdır.
“Dinamo”nun müdafiəçisi Sportinfo.az-a açıqlamasında “Qarabağ”dakı həmyerlisi ilə münasibətlərindən söz açıb:
“Zubirlə daha əvvəl şəxsi tanışlığım yox idi. Bilirdim ki, “Qarabağ”ın heyətində Mərakeşdən futbolçu var.
Söhbət edəndə ortaq dostlarımızın olması üzə çıxdı. Oyun başa çatandan sonra peşəkarlıq nümayiş etdirərək yaxınlaşıb məni təbrik etdi, Çempionlar Liqasında uğurlar arzuladı.
Mən də fürsətdən istifadə edib Zubirə və “Qarabağ”a çempionatda, eləcə də Avropa Liqasında qələbələr arzuladım.
Üzülməməyi tapşırdım, bir neçə xoş kəlmə ilə sağollaşdıq”.
HƏBİB

