“Narahatam, “Qarabağ”ın hücumları şirniyyat kimi dadlıdır”

27 Avqust 2024 17:20 Qarabağ 1 156
“Narahatam, “Qarabağ”ın hücumları şirniyyat kimi dadlıdır”

Draqo Vabets nəinki “Dinamo”nun, Xorvatiya futbolunun əfsanələrindən sayılır.

Bu üzdən “mavilər”in ən uğurlu və ən uğursuz günləri haqda ağsaqqal fikri eşitmək istəyənlərin gözü onu axtarır.

Axı Vabets 12 il “Dinamo”nun əsas komandasında boşuna tər tökməyib. Yuqoslaviya millisinin də sabiq üzvü olan sol cinah müdafiəçisi “mavilər”in heyətində keçirdiyi 529 matçda 183 qol vurub.

Sportinfo.az xəbər verir ki, “zagreb.info” “Dinamo” tarixinin ən çox oyunda iştirak edən 5-ci futbolçusundan Zaqreb təmsilçisinin “Qarabağ”la matçı haqda düşüncələrini öyrənib.

73 yaşlı Vabets deyib ki, hələ nə arxayınlaşmağa səbəb var, nə də “mavilər” ÇL-in qrup mərhələsini “sığortalayıb”:

“Qələbə qazandıq. İndi uşaq kimi xoşbəxtəm. İlk dəfə belə qəribə matça tamaşa etdim.

Tam məsuliyyətlə deməliyəm ki, “Qarabağ” çox yaxşı təşkilatlanmış komandadı. Rəqib hücumlarda çox parlaq oyun sərgilədi.

Görüşü ağıllı və obyektiv dəyərləndirmək mənim üçün çətindi. Məni qınamayacaqsızsa, belə deyim.

“Dinamo” cavab oyununda da rəqibə ciddi yanaşmalıdı. Mən “mavilər”in qapısına 20-ə yaxın zərbə endirən başqa komanda xatırlamıram.

“Qarabağ” qol buraxdıqca geriyə çəkilmək əvəzinə irəli gəldi. Qapının ətrafına və “çərçivə”yə raketlər göndərdi.

Deyəsən, belə tərzə artıq öyrəşiblər. Amma oyunları rəqibin əks-hücumuna şərait yaradır”.

Vabets matçın bir yox, bir neçə fenomeninin olduğunu deyib:

“Dinamo”dan Baturina yaxşı təşkilatçılıq etdi. Yeni transferləri də bəyəndim.

İki qol vuran oğlan... Hə, Kulenoviç... Ondan növbəti qolları gözləyəcəm.

Yakiroviç cavab oyununa yaxşı hazırlaşmalıdı. Müdafiə xəttinin işi daha ağır olacaq. “Qarabağ”ın hücumları şirniyyat kimi dadlıdı.

Bu üzdən əla nəticəyə baxmayaraq, narahatam. Məncə, hər kəs qələbəni qeyd etmək əvəzinə narahat olmalıdı”.

Bu cavab “zagreb.info”nun reportyorunu təəccübləndirdiyindən Draqodan qələbənin təsadüfi olub-olmadığını soruşur. Veteran futbolçunun fikirlərini dinləyək:

“Bəli, mən hesabın təsadüfi olduğunu düşünürəm. Amma bunu ürəkdən qəbul etməməliyik. “Qarabağ”ın çox güclü komanda olduğunu qəbul etməklə yanaşı, ÇL-in qrupunda olduğumuzu düşünməməliyik.

Cavab oyunu formal xarakter daşımayacaq. “Qarabağ” pətəyinə çomaq salınan arılar kimi hücum edir.

“Dinamo” rəqibini ciddi qəbul etməsə, 3:0 hesablı qələbəni əldən verəcək. İlk oyunu unutmalıyıq.

Yakiroviç futbolçularına bunu aşılamasa, böyük təlatüm baş verəcək. Sözlərim sizi qıcıqlandırır? Bağışlayın, amma realist olmalıyıq, elə deyilmi?

Sadəcə, düşündüyümü dedim. “Qarabağ” indi azı dörd qolu necə vuracağının planlarını cızır... Yanlış sözlər dedim? Yaxşı, “Dinamo” Bakıda da qələbə qazanacaq” ("Futbol+").

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti