"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan Zaqreb "Dinamo"sunun büdcəsi "Qarabağ"dan ən azı 4 dəfə böyükdür.
Heyətində Xorvatiya kimi millinin 4-5 üzvü davamlı çıxış edir.
Yaranma tarixi İkinci Dünya Müharibəsinə qədər gedib çıxan Xorvatiya təmsilçisinin avrokuboklarda zəngin təcrübəsi var. "Qarabağ"la müqayisə olunmayacaq qədər.
Amma bu gün evindəki 3:0-lıq iri hesablı qələbəyə rəğmən 25 qat Xorvatiya çempionu Bakıya narahat gəlib.
Bunu komandanın baş məşqçisi Sergey Yakiroviç başda olmaq rəqib cəbhədən gələn bütün açıqlamalardan hiss etmək mümkündür.
Üstünlüyün əldən çıxmamasını qayğısına qalırlar.
Ehtiyat igidin yaraşığıdır.
"Dinamo" tərəfinin ehtiyatlı davranması normaldı.
Lakin yaranmış mənzərə ehtiyatlı olmaqdan çox, qorxmağa bənzəyir.
"Dinamo" hətta 3:0 öndə olduğu halda belə "Qarabağ"ın qarşısına cəsarətlə çıxmaqdan qorxur.
Mərhələni itirmək təhlükəsini hiss etdirir.
Bu, havadan-sudan deyil, "köhlən atlar"ın zəhmətinin bəhrəsidir.
İlk matçdakı yüksək performansının rəqib dili ilə görüntüsü, etirafıdır.
Biz kənardan müşahidə etdiklərimizi onlar meydanda əyani yaşayıblar. Daha dərindən hiss ediblər.
Görünür, həm də "Lex"ə səfərdə 0:1 uduzub, evdəki matçın birinci dəqiqəsində növbəti qolu buraxmasına rəğmən 5:1 zəfər çalan komandanı yaxşı tanıya biliblər.
Əgər xorvatlar təmsilçimizin gücünü bu qədər yüksək qiymətləndirir, qorxursa, "Qarabağ"lı futbolçular növbəti tarixi zəfəri bizə yaşadacaqlarına niyə özünə inanmasınlar?
XANOĞLAN İMANOV

