Mateuş Koxalskinin "Qarabağ"a keçidi müsbət qarşılandı.
Bu da səbəbsiz deyildi.
24 yaşlı futbolçunun karyerasında xoş cizgilər diqqət çəkirdi.
Yaxşı təqdimata yol açırdı.
O, son mövsümü Polşa ekstraklasda əla keçirib.
Düzdü, şərəfini qoruduğu "Stal" sezonu ikinci onluqda bitirib. Lakin özü mövsümün ən yaxşı qapıçısı adına layiq görülüb.
Bundan başqa Polşa millisinin Avropa çempionatı üçün son toplanışına dəvət alması da sıradan hadisə deyil.
Amma bütün bunlara baxmayaraq, onun barəsində yekun fikir bildirmək üçün işini meydanda görmək mütləq idi.
Əcnəbi kiperin ilk sınağı "Turan Tovuz"la matça təsadüf etdi.
Ağdamlıların bölgə klubuna qarşı oyunda meydana ikinci heyətlə çıxması işimizi bir qədər də asanlaşdırmış oldu.
Çünki belədə Koxalski oyuna daha çox qoşulmalı olacaqdı.
Ki, elə də oldu.
"Qarabağ"ın yeni transferi forma geyindiyi ilk matçındaca səviyyəsini ortaya qoymuş oldu.
Soyuqqanlı davranışı gözdən qaçmadı. Sadə epizodlarda kobud səhvlərə meylli birinə bənzəmədiyini göstərdi. Müdafiə xəttinə rahatlıq gətirə biləcək.
Haqqında səslənən müsbət fikirlərin təsdiqini isə meydandakı səyvləri ilə etdi.
Demək olar qüsursuz oyun keçirən "99 nömrə" iki əla çıxarışla diqqətləri üzərinə çəkə bildi.
Xüsusilə son dəqiqələrdə Otto Conla təkbətək zamanı komandasını qoldan xilas etməsi qeyd olunmalıdır.
3 gün sonra Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" ilə cavab matçında onun belə müdaxilələrinə böyük ehtiyac olacaq.
XANOĞLAN/ SPORTİNFO.AZ

