Yenə "Qarabağ" ətrafında "niyə transfer etmirsiniz?", "Xəsislik etməyin, açın kisənin ağzını" söhbətləri tüğyan edir.
Nədi-nədi komanda Zaqrebdə Xorvatiya nəhənginə 0:3 uduzub.
Hamı da yaxşı bilir ki, aşağı-yuxarı bütün oyunu "Qarabağ" oynayıb, amma rəqib fərqlənib.
Son illər təmsilçimizin Avropa arenasında bu qədər şansı qaçırıb məğlub olduğunu da yox, meydandan qol vurmadan ayrıldığını belə xatırlamıram.
Xüsusilə ikinci qolu buraxana kimi "Qarabağ" komanda şəklində ideala yaxın çıxış edirdi.
Kollektiv bir mexanizm kimi çalışırdı. Əbəs deyildi ki, real qol epizodları bir-birini əvəzləyirdi.
"Dinamo" kimi komanda doğma evində minimal hesablı qələbəni qorumağa çalışırdı.
Qurban Qurbanovun drujinası isə cavab görüşü də olacağı halda cəsarətlə qol arayışını davam etdirirdi.
"Ludoqorets"lə matçda Marko Yankoviç və Marko Veşoviçi əvəzləyən Patrik Andrade ilə Mateus Silvanın bu dəfə də pis çıxış etmədiyini deməliyik. Nisbətən Silva ansabıldan geri qalırdı. Bunu da təkcə braziliyalının passivinə yazmaq insafdan olmaz. Bəlkə, xorvatların həmin cinahı daha güclü idi. Bəlkə, Veşoviç də olsa nəsə dəyişməyəcəkdi.
Bir də ki, Bolqarıstanda vazkeçilməz hesab etdiyimiz, yoxluğunu doldura bilmədiyimizi düşündüyümüz Yankoviçlə Veşoviç ikilisi meydanı tərk edəndən sonra oyun düzəlmişdi. "Qarabağ" özünə gəlmişdi. Andrade və Silva üçün təriflər yağdırılmışdı.
Yox, istəyirsinizsə bir Azərbaycan klubunda eyni mövqedə 3 Marko olmalıdır...
Sizinlə danışmaq vaxt itkisidir. Ya siz qərəzlisiniz, ya tənqid xatirinə tənqid edirsiniz, ya da xəyalpərəstsiniz.
Görünür, "köhlən atlar"ın ötən mövsüm "Bayer"ə, "Braqa"ya yaşatdıqları çoxunu reallıq hissindən uzaqlaşdırıb.
Həmin oyunlar "Qarabağ"ın real gücü, həqiqəti yox, cəsarəti idi.
Alqışı haqq edən cəsarəti.
Daha bu cəsarəti göstərmədi ki, bu gün yaxasına yapışıb ÇL-in pley-offunda yaxşı oyunla aldığı şansınız məğlubiyyətə görə hesab sorasınız.
Həm də "niyə oyunçu almırsınız", "niyə xəsislik edirsiniz" şər-böhtanın ataraq.
Kişilər 15 ilə yaxındır minimal xərclə maksimal iş görmək yolunu seçib.
İdeal da alınır.
Siz isə adını xəsislik qoyursunuz.
Bu, "Qarabağ"ın daha da böyüməsini istəməkdən çox, xəbis düşüncə təsiri bağışlayır.
XANOĞLAN İMANOV

