Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil edən “Qarabağ” bu dəfə Xorvatiyada meydana çıxacaq.
“Ludoqorets” səddini inamla dəf edən “köhlən atlar” pley-offda Zaqreb “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcək.
Rəqib haqda ətraflı bəhs etməyə gərək yoxdur. Xorvatiya futbolunun flaqmanı avrokubokların qrup mərhələsinin daimi iştirakçısı və kifayət qədər təcrübəli komandadır.
Buna baxmayaraq, “Qarabağ”ın səfərdən sərfəli nəticə ilə qayıdıb, cütün taleyini Bakıdakı qarşılaşmada həll edəcəyinə inam böyükdür.
“Ludoqorets”lə qarşılaşmada meydana sonradan çıxaraq 2 qol vuran Patrik Andrade Sportinfo.az-a açıqlamasında sözügedən oyunla bağlı düşüncələrini dilə gətirib:
“Dinamo” kifayət qədər təcrübəli və güclü rəqibdir. Bu mərhələdə bütün komandaların gücü bir-birinə yaxındır. Ona görə də bizim üçün asan olmayacağını deyə bilmərəm.
Uğur qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Səfərdə oynayırıq və bir həftədən sonra cavab görüşü olacaq. Hədəfə çatmaq üçün son dərəcə diqqətli olmalıyıq.
Çox yaxşı komandamız var və bu kollektivlə uğur qazana biləcəyimizə inanıram”.
Avqustun 20-də “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Qarabağ” dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

