Avqustun 13-dən 14-nə keçən gecə Bolqarıstan və Azərbaycanda əksər futbol fanatlarının yuxusu qaçmışdı.
Onlarda üzüntü və qəzəbdən, bizdə sevinc və fərəhdən.
Onların çempionu “Ludoqorets” 23 illik tarixində öz meydanında ən böyükhesablı məğlubiyyətini almışdı. Bizim “Qarabağ” isə avrokuboklarda tarxinin ən böyükhesablı səfər qələbəsini qazanmışdı.
Təkcə bu da deyildi. “Qarabağ” “Hyuvefarma Arena”da göstərdiyi master-klassla daha iki tarixi nəticəyə imza atdı:
Azərbaycan futbolu tarixində ilk dəfə avrokuboklar çərçivəsində Bolqarıstanda qələbə qazandıq və ilk dəfə bolqar səddini aşdıq.
Aşmaq necə aşmaq!
Nəinki bolqarların, hec bizim də yuxumuza girməzdi ki, “Qarabağ” bu “mənəm- mənəm” deyən “Ludoqorets”ə 4-ü əlavə vaxtda olmaqla, 7 qol vuracaq, Çempionlar Liqasında gecənin ən fərqli qalibiyyətinə imza atacaq.
Bakıda 1-2 hesabıyla uduzduğumuz oyundan sonra “Ludoqorets”in necə çətin, qəliz rəqib olduğunu görmüşdük.
İlk qarşılaşmadan sonra bolqarların baş məşqçisi George Dermenciyev özündənrazı halda “Qarabağ”a növbəti mərhələ üçün yol da göstərmişdi: “Cavab matçında ağıllı oynasalar, nəticə qazana bilərlər”.
Dermenciyev ağıllı deməklə, nə cür oyunu nəzərdə tuturdu, bilmirəm. Amma “Qarabağ” ağıllı yox, dəlicəsinə, fədakarcasına oynadı və keçən dəfə dediyim kimi, Dermenceyevə tablodakı hesabla “ağıllı ol, biz “Qarabağ”ıq” mesajını verdi.
Matç başdan-ayağa kəskin süjetli trillerə bənzəyirdi. 7-ci dəqiqədə Junonyo qolçuluq bacarığını göstərib rəqibdın topu aldı və hesabı açdı.
Həmin anda sevincdən göylərdəydik. Amma sevincimiz uzun sürmədi. 6 dəqqə sonra Kevin Medina topu uzaqlaşdıra, Julio Romao da onu sığorlaya bilmədi və hesab bərabərləşdi.
Daha 5 dəqiqə keçdi , bu dəfə qapıçımız Fabiyan Buntiç kobud səhvə yol verdi, xatasını düzəltmək istəyəndə də rəqibin sifətinə vurdu.
Penalti və “Ludoqorets” hesabda öndə. İki oyunun nəticəsinə görə artıq 2 top geridəyik, sanki dünya ucub, altında qalmışıq.
Bu azmış kimi, “Qarabağ”ın Monteneqro tandemi – Veşoviclə Yankovic də qısa müddət aralığında zədələnərək əvəzlənməli oldu.
Amma “Qarabağ” böyük komanda olduğunu növbəti dəfə göstərdi. Baş məşqçi Qurban Qurbanov təmkinini, oyunçular soyuqqanlılığını itirmədi.
Matçın ən yaxşılarından olan Yasın Benziya qəfildən hər şeyi xeyrimizə dəyişdi. 45+1-ci dəqiqədə özü qazandığı penaltini qola çevirdi,
45+5-ci dəqiqədə də Partik Andradeni zərbə mövqeynə çıxardı, kape-verdeli legioner də dəqiq zərbəylə “Qarabağ”ı hesabda irəli daşıdı.
Patrik Andrade matçın ən yaxşılarından idi, “Partizan”dan qayıtdıqdan sonra nəhayət, əvvəlki formasını bərpa etmiş kimi görünür.
İkinci 45 dəqiqəni ürəyimizi yeyərək başa vurduq. Ümumu hesab bərabər idi və hansı tərəf 1 qol vursaydı böyük ölcüdə məsələni öz xeyrinə həll edəcəkdi.
İtalyan hakim də bir tərəfdən vərəqələri paylayırdı. İkinci hissədə 7, ümumilikdə 8 sarı vərəqə. Ekstra-taym başlayan kimi Toral Bayramovun qol vurması ilap əla oldu.
“Qarabağ” daha rahat oynamağa başladı. Qurban Qurbanovun əvəzetmələri də özünü doğrultdu.
Həm Nəriman Axundzadə, həm də Redon Cica oyuna uğurla qoşuldu. 111-ci dəqiqədən 118-ci dəqiqəyədək olan 7 dəqiqəlik müddəti isə “Ludoqorets”in kötəklənməsi də adlandırmaq olar.
Partik Andrade və Yasin Bezniya bu oyunda özlərinin ikinci, Cica da 1 illik aradan sonra avrokuboklarda növbəti qolunu vurdu.
Və bizim tarixi qələbəmiz, “Ludoqorets”in də tarixi ev məğlubiyyəti rəsmiləşdi - 7:2.
Razqradda darmadağın və ya bolqarca desək, “razqrom Razqrade”.
Oyundan sonra təkəbbürlü Dermenciyevin deyecek cox sözü yox idi. “Qarabağ”ın güclü olmasını etiraf edən bolqar məşqçi bunun onlar üçün bir dərs olduğunu da vurğuladı.
Sitat: “Bu məğılubiyyətdən cox dərs çıxarmalıyıq”.
Nə deyirik, get, çıxar! Dermenciyev özünə, “Ludoqorets” komandasına dərman axtarmaqda olsun, biz isə yeni rəqibi – “Dinamo”nu gözləyək.
Avropa Liqasının qrupuna vəsiqə artıq təmin olunub. Amma bu, bizim son və ehtiyat variantımızdır.
Hamı “Qarabağ”dan Çempionlar Liqasının qrup mərhələsini gözləyir. Tarixində üçüncü dəfə Çempionlar Liqasının pley-offuna çıxan “Qarabağ”ın qrupa gedən yolda son maneəsi “Dinamo”dur.
Bu şansı qaçırma, biz sənə inanırıq, “Qarabağ”!
İlkin Fikrətoğlu

