8 illik aradan sonra eyni anda iki klubumuz avrokuboklarda pley-off mərhələsinə yüksəldi.
"Qarabağ" artıq illərdi bundan da böyük uğurları ilə bizləri sevindirməkdədir.
Bu dəfə "Zirə" də Ağdam klubuna qoşuldu.
Və ən vacib olan odur ki, növbəti dəfə bu uğura təmsilçimiz azərbaycanlı məşqçi ilə nail oldu.
Qurban Qurbanovun açdığı yolu rəhmətlik Böyükağa Hacıyevdən sonra gənc Rəşad Sadıqov da gedə bildi.
Sadıqov bununla bir daha yaxşı futbolçumuz az olsa da, yaxşı yerli məşqçidən korluq çəkmədiyimizi əyani göstərmiş oldu.
Amma təəssüf ki, bəzi klub rəhbərləri hələ də bu faktı görməzdən gəlir.
İllərdi əcnəbilərə qucaq açıb, uğur qazanmağın sirrini onlarda axtarırlar.
Hər nə qədər əcnəbi məhəbbətləri başlarına bəla olsa da.
Uzun illər əvvəl "Bakı", "Xəzər Lənkəran", "İnter" (indiki "Şamaxı") Avropa səhnəsində uğur qazanmaq üçün daha kimlərin qapısını döymədi ki...
Sonda da ən yaxşı halda 1 mərhələ adlamaqla ovunmalı oldular.
Bu gün eyni yolu "Neftçi" və "Sabah" davam etdirir.
Masazır klubu əcnəbi məşqçiləri əlcək kimi dəyişir.
Hələ 7 yaşı tamam olmayan klub arxada qalan müddətdə 4 legioner çalışdırıcıya tapşırılıb.
"Tələbələr" bu qədər əcnəbinin rəhbərliyi altında ən yaxşı halda 1 mərhələ adlamağa sevinib.
"Neftçi"də isə son illər baş məşqçi postunu Roberto Bordin, Laurentsiu Regekampf və Adrian Mutu kimi əcnəbilər zəbt etsə də komanda ən böyük uğuruna azərbaycanlı məşqçi Samir Abasovla nail olub. Təcrübəli mütəxəssis "ağ qaralar"ı 7 illik aradan sonra 2020-21 mövsümünün çempionu edib.
Yetəri qədər zaman və dəstək görsəydi yəqin ki, "Neftçi"ni avrokubokların qruplarına da daşıyacaqdı. Təəssüf ki, səbəbsiz yerə onunla yollar ayrıldı.
Nəinki Abasov, ondan başqa bir neçə yerli mütəxəssisimiz də var ki, bu gün pullu, iddialı klublarımızda işləməyi haqq edirlər.
Əvəzində Aftandil Hacıyev, Zaur Həşimov, Ayxan Abbasov kimi yaxşı bacarığı olan yerlilər ya klubların akademiyasında, ya da ən yaxşı halda "Sumqayıt", "Səbail", "Şamaxı", "Turan" kimi komandalarda çalışmalı olur.
Rəşad Sadıqov kimi yuxarıda adını çəkdiklərim də məşqçiliyə "Qarabağ"da başlayıblar.
Qurban Qurbanovun yanaşmasını yaxından mənimsəyiblər.
İş bacarıqları ilə bərabər həm də insanlıqları öz yerindədir.
Əminliklə demək olar ki, adıçəkilənlərin daha az maaş qarşılığında gördükləri iş gəlmələrdən ən azı pis olmayacaq.
Yetər ki, klub başbilənlərimiz yanlış düşüncələrindən əl çəkə bilsinlər.
Öz həmyerlilərinə olan antipatiyalarını kənara atsınlar.
Eqolarına sahib çıxsınlar.
Milyonları heç nə olmayıbmış kimi hansısa rumına, xorvata, ispana xərcləməsinlər.
Qurban Qurbanovun açdığı, Rəşad Sadıqovun da izinə düşdüyü uğur yolunu görməzdən gəlməsinlər.
Əgər zərrə qədər Azərbaycan futbolunun inkişafını istəyirlərsə.
XANOĞLAN İMANOV

