Bolqarıstan səfərindən parlaq qələbə ilə qayıdan “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov Sportinfo.az-a müsahibə verib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Ludoqorets” üzərində Bolqarıstanda qazanılan 7:2 hesablı oyunla bağlı sualları cavablandırıb.
- İlk hissənin gedişində hesabda geri düşəndə geridönüş etmək üçün futbolçulara hansı tapşırıqları verdiniz?
- Oyunun gedişində hansısa təlimat vermək asan deyil. Hələ matçdan əvvəl bu cür hallarla rastlaşa biləcəyimizi deyib, onları buna hazır olmağa çağırmışdım. Əsas istəyim oyun intizamını və qələbə əzmini sona qədər qoruyub saxlamaq idi. Sağ olsunlar, ilk 15-20 dəqiqəni nəzərə almasaq, soyuqqanlı şəkildə mübarizə apardılar. Hesabı açmağımıza baxmayaraq, start həyəcanı hiss olunurdu. Tədricən o səddi aşmaqla hədəfə çatdıq. Təcrübə və psixoloji hazırlıq komandamıza kömək oldu.
- İlk hissədə rəqib futbolçuların kobud oyununun nəticəsində iki məcburi əvəzetməyə əl atdınız. Həmin anlarda nə düşünürdünüz?
- İlk saniyələrdə hirsləndim, bir az emosional oldum. Amma özümü tez ələ almağı bacardım. Düşündüm ki, futboldur, bu cür halların olması normaldır, deməli, belə olmasında hansısa xeyir var. Nə qədər üzüldümsə, bir o qədər rahat oldum.
- Əvəzetmələriniz oyunun taleyini həll etdi. Meydana sonradan daxil olanlar 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldılar. Belə gedişatı təsəvvür edirdiniz?
- Bunlar futbolun bəzən düşünmədiyimiz anlarıdır. Əvəzetmələr bəzən uğurlu, bəzən uğursuz olur. Uğurlu olanda, bu, əvəzetmədən oyuna qoşulan futbolçulara əlavə inam verir. Fikrimcə, bu oyun çox yaxşı təcrübə oldu. Lazım olan anlarda oyunun tempini artırmağı bacaran futbolçulara təşəkkür edirəm.
- Rəqib həmkarınız oyundan sonra sizi təbrik etdi?
- Həm matçdan əvvəl, həm də sonra görüşdük. İşimiz, komandamız, uğurlarımız barədə ancaq və ancaq xoş fikirlərini bildirdi.
- Zədəli futbolçuların son durumu haqda məlumat var?
- Hələ bilinmir. MRT müayinəsindən sonra dəqiq məlumatımız olacaq. Yəqin ki, 1-2 günə bilinəcək.
- Növbəti rəqibiniz “Dinamo” haqda araşdırmalara başlamısınız?
- Hələ geniş məlumatlara sahib deyiləm, açığı. Hələ tez olan mənim üçün. Çünki daha rahat və gümrah olmalıyam ki, rəqibi lazımınca təhlil etməyi bacarım. Qarşıda bir neçə gün vaxtımız var. Futbolçular istirahət etdiyi günlərdə bu imkanı dəyərləndirib, oyunçulara gərəkən təlimatları verəcəyik.
HƏBİB

