COP29

“Sportinfo”nun əməkdaşı bu söhbəti eşitdi: “Qurban olum, “Qarabağ”ı atıb getmə” - Hadisə yerindən FOTOREPORTAJ

14 Avqust 13:20 Qarabağ 7 666
“Sportinfo”nun əməkdaşı bu söhbəti eşitdi:  “Qurban olum, “Qarabağ”ı atıb getmə” - Hadisə yerindən FOTOREPORTAJ

“Qarabağ”ın Bolqarıstanda əldə etdiyi möhtəşəm zəfər ölkə futbolsevərlərində elə bir əhval-ruhiyyə yaratmışdı ki, sanki bu komanda pley-offa yox, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

Əvvəldən nəzərdə tutulan plana əsasən “köhlən atlar”ı Varnadan Bakıya gətirən təyyarə səhər 5 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etməliydi.

Lakin oyunda əlavə 30 dəqiqəyə ehtiyac duyulması və qarşılaşmanın bu səbəbdən 1 saata yaxın uzanması uçuşa təsirsiz ötüşmədi.

Səhər 06:45-də “Qarabağ” artıq yerdəydi. Və saat 7-dən etibarən məşqçi və futbolçu heyəti zalda görünməyə başladı.

Öncə Abdullah Zubirlə Yassin Benzia çıxdı, sonra Toral Bayramlı, Tahir Gözəl, Emrah Çelikel və bu minvalla bir-bir taksi və şəxsi avtomobillərinə doğru yön aldılar.

Gözlədiyimiz azarkeş izdihamı yaşanmadı, açığı.

Təkəmseyrək adamlar gəlmişdi ki, aralarında ən çox diqqət çəkənlər iki orta yaşlı və bir gənc xanımdan ibarət qrup idi. Adamlar “Qarabağ”lılarla şəkil çəkdirmək üçün o qədər həvəsli görünürdülər ki.

Bircə onların Qurban Qurbanova sarılmalarını görərdiniz. Hərəsi bir tərəfdən yorğunluqdan və yuxusuzluqdan ayaq üstə güclə dayanan Qurbanovun boynundan və çiyinlərindən sallananda, dedim, kişini bir təhər edəcəklər.

Baş məşqçi səmimiliyini və sadəliyini qoruyub, həm onlarla şəkil çəkdirdi, həm də kifayət qədər isti münasibət göstərdi.

Hədəfdə olan növbəti ad Juninyo idi. Hazırda Çempionlar Liqasının ən məhsuldar futbolçusu olan braziliyalı qapı qarşısında görünən kimi onu da dövrəyə alıb şəkil çəkdirdilər, ürək sözlərini dilə gətirdilər:

“Juninyo, qurban olum, heç yerə getmə. “Qarabağ”ı atıb getmə. Sən komandaya yaraşırsan, komanda da sənə. Yaxşı, Juninyo? Getmə”.

Olavio qulaq asmağına asdı, hətta gülümsəyərək reaksiya verdi. Amma çətin ki, deyilənləri başa düşdü.

Çox yorğun görünürdülər, qucaqlamağa yastıq axtarırdılar sanki. Ayaq üstə gözləri bağlanırdı hər birinin.

Elə həmin yorğunluğa görə də səfərdə 7:2 hesabı ilə qələbə qazanan komandanın futbolçularından çox uduzan kollektivin üzvlərini xatırladırdılar.

Yaxşıca yatıb dincəlsinlər. Bir həftədən sonra Zaqrebdə bundan da ağır oyun gözləyir onları.

HƏBİB / SPORTINFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti