COP29

"Qarabağ"da parlayan lənkəranlı gəncin maraqlı həyatı - ARAŞDIRMA

27 Fevral 19:40 Qarabağ 3 404
"Qarabağ"da parlayan lənkəranlı gəncin maraqlı həyatı - ARAŞDIRMA

Son günlərin ən çox danışılan adamı şübhəsiz ki, Nəriman Axundzadədir.

“Qarabağ”ın 19 yaşlı yarımmüdafiəçisi Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə cavab matçının 122-ci dəqiqəsində rəqib qapısına vurduğu qolla bir Azərbaycan klubunun ilk dəfə avrokuboklarda 1/8 final mərhələsini görməsini təmin etmiş oldu.

Bu gənc bir toxunuşla milyonlarla qəlbi fəth etdi.

O anda duran qəlblərə nəfəs bəxş etdi.

Azərbaycan futbolu hələ belə gecə yaşamamışdı.

Hər kəs məhz belə bir gecədə onun usta vuruşuna sevindi, danışdı, tərif etdi.

Biz həm də araşdırdıq...

Görəsən, Nəriman hansı yollardan keçərək bu günlərə gəlib, 19 yaşında Qurban Qurbanovun güvənini qazana bilib?

Axı 19 yaşa qədər futbolda keçilməli az yol yoxdur.

Həmin uzun yola isə ilk olaraq Nərimanın Atası Əhməd Axundovla danışaraq çıxdıq.

Futbol azsaylı peşələrdən hesab olunur ki, bu sahəyə uşaqlar öz sevgisi ilə ayaq basırlar. Elə Nərimanda da belə olub. Lap körpəliyindən yaşadığı məhəllədə futbol sevgisini top dalınca qaçmaqla göstərib. 8 yaşında övladının idmanın şahına olan sevgisini görən atası Əhməd Axundov buna biganə qalmayıb. Onun sevgisinin arxasınca düşməyə qərar verib. O, şəxsən övladının əlindən tutaraq onu "Xəzər Lənkəran"ın futbol akademiyasına gətirib:

“Uşaqlıqdan futbola həvəsi vardı. Hər zaman deyirdi ki, ata, mən futbolçu olacağam. Özü də ulduz futbolçu. "Xəzər Lənkəran"da Xəyal və Röyal qardaşları onun ilk baş məşqçiləri olub. Üzərində böyük əziyyətləri olub.

Hər şey Allahın əlindədir. O, istəsə hər şey olar. Arzularımız vardı. Potensialı vardı. Allah da qismət elədi”.

Həmin dönəm Cənub klubunda U-8 komandası olmayıb. Bu xəbəri eşidən ata çox üzülür. Deməli, bir qədər də səbr etmək, gözləmək lazımdır.

Ümidsiz halda, sadəcə məşqlərə qoşulmasına şərait yaradılır. Lakin göstərdiyi yaxşı performans 8 yaşlı Nərimanın kluba qəbul edilməsini şərtləndirir. Həm də birbaşa U-10 komandasına. Təbii ki, göstərdiyi xüsusi istedadına görə. Özündən iki yaş böyüklərlə oynamaq onda heç bir çətinlik yaratmır, əksinə alışqanlıq yaradır. Bu barədə sonda...

4 il burada Xəyal və Röyal qardaşlarının rəhbərliyi altında futbolun sirlərini öyrənir. Atasının nəzarəti altında Nəriman bütün məşqlərə sevərək gəlir. Qısa müddət sonra artıq U-11 komandası ilə yarışlara qatılır. Röyal müəllim o günləri belə xatırlayır:

“Nərimanın yaşına uyğun qrup yox idi. Sırf istedadına görə komandaya götürdük. Hətta özündən 2-3 yaş böyüklərin arasında seçilirdi. Çox sürətli, cəld olması ilə bərabər, həm də yaxşı dribiliqləri vardı. İndi bu şeyləri çox da göstərə bilmir. “Qarabağ”ın digər futbolçusu Toral Bayramov da bizdə futbola başlayıb. Məsələn, onda sıxılmaq yoxdur. Çox sərbəst futbolçudur. Nəriman isə sanki bir qədər sıxılır. Uşaq vaxtında da belə idi. Üzərindən bunu ata bilmir. Bəlkə, indi baş məşqçi Qurban Qurbanovdan da bir az çəkinir. Düşünürəm ki, zaman keçdikcə daha da sərbəst ola bilsə, bundan da yaxşı Nəriman görə bilərik. Onun potensialına bələdəm. 2017-ci ilə qədər bizim rəhbərliyimiz altında məşq edib”.

Əslində həm özünün, həm də valideynlərinin arzularında burada daha çox məşq etmək, oynamaq, çalışmaq və bir gün əsas komandanın formasında "Fırtınalar meydanı"na ayaq basmaq olur.

Lakin 2016-cı ildə bütün ölkəni silkələyən xəbər onun da taleyindən yan keçmir.

Mübariz Mənsimovun sahibi olduğu klub fəaliyyətini dayandırmalı olur. Bununla da çox sayda klub, stadion əməkdaşı işsiz qalır. Məcburiyyətdən digər şəhər və rayonlara üz tutanlar da az olmur.

12 yaşlı uşaq isə təxminən 1 il də Lənkəranda futbolla məşğuliyyətini davam etdirir. Öz yaş qrupunda region yarışlarında çıxış edir.

13 yaşında isə ailəsini, sevdiklərini, dostlarını Lənkəranda buraxaraq Bakıya gəlməli olur.

Məqsəd “Qarabağ” Futbol Akademiyasına yazılmaq idi.

Təbii ki, bunun üçün seçimlərdən keçmək lazım gəlir.

Röyal bəy niyə “Qarabağ”ı seçmələrini belə əsaslandırıb: “Həmin dönəm “Qarabağ”ın U-19 komandasının baş məşqçisi olan Rəşad Sadıqov bizimlə əlaqə saxladı. Əməkdaşlıq etməklə bağlı təklif aldıq. Biz də razılıq verdik. Beləcə Nərimanla bərabər 10-dan çox futbolçumuzu “Qarabağ”a yoxlanışa göndərdik. Özümüz də bu müddətdə onların yanında olduq. Əksəriyyəti seçimlərdə klub tərəfindən qəbul olundu. Amma Nərimanla bağlı vəziyyət fərqli idi. Açığı, Nərimanı akademiyaya götürməkdə tərəddüd edirdilər. Düşünürdülər ki, yaşı azı olduğu üçün hələ tezdir. Amma aşağı yaş qruplarında çalışan Xəyal və Elnur müəllim onun istedadlı olmasını rəhbərliyə xəbər verdilər. Müəyyən narahatlıqdan sonra onun da komandada qalmasına qərar verildi. Əslində o vaxt Nərimanı “Qəbələ” akademiyası da istəyirdi. Nərimanı onların məşqçiləri çox bəyənmişdi. Hətta ona görə 5000 manat pul da təklif edilmişdi. Sadəcə biz “Qarabağ”ı seçdik. Düşündük ki, bu klubla uzun müddətli əməkdaşlıq edərik. Amma işbirliyimiz cəmi 1 ildən sonra sonlandırıldı”.

Evin tək oğlunu Lənkərandan Bakıya yola salmaq atası üçün də asan olmayıb: “Təbii ki, oğlumdan bu yaşda ayrılmaq çətin idi. Evin tək oğludur. Amma futbola böyük həvəsi vardı deyə, hər şeydən keçib Bakıya yolladıq. "Qarabağ" klubundan çox razıyam. Həmin günlər çox dəstək olublar. Bütün xərcləri klub tərəfindən qarşılanırdı. Hər bir məsələdə akademiya rəhbərliyi həssaslıq göstərirdi. "Xəzər Lənkəran"da olan zaman Röyal və Xəyal qardaşlarının, “Qarabağ”da isə ilk baş məşqçisi Elnur müəllimin Nərimanın üzərində çox əziyyəti olub. Hər addımında balamın yanında olublar”.

Beləcə Nərimanın “Qarabağ” macərası start götürmüş olur.

Klub tərəfindən 13 yaşlı uşağa “Ruslan-93”də yerləşən bazada qalmaq üçün şərait yaradılır.

Akademiyada U-13 komandası olmadığı üçün birbaşa U-14 komandasına qəbul edilir.

Hər şey yolunda kimi görünür. Lakin Nəriman bir müddət sonra Lənkəran üçün darıxır. Ailəsinin, dostlarının yanına getmək istəyir.

Uzun müddət Bakıda duruş gətirə bilməyəcəyini düşünür.

Və ayrılmaq qərarı verir.

Həm də bu hal bir neçə dəfə yaşanır.

Nərimanın “Qarabağ”da ilk gündən baş məşqçisi olan Elnur Əliyev belə günlərdə yetirməsinə sahib çıxır:

“Bəli, atası doğru deyir. Nəriman mənə tələbə yox, övladım kimi olub. Onu da digərləri kimi öz doğma övladımız kimi qorumuşuq. Atası Rusiyada işləyirdi deyə oğlunu mənə həvalə etmişdi. Təhsili ilə bağlı problemləri mənim üzərimdə idi. Hətta mənə demişdi ki, Nəriman həm də sənin övladındır. Bəzi səhvləri olub. Şifahi söhbətlərimizdən sonra səhvlərini düzəldib. Fikri-amalı irəli getmək idi. Ən yaxşı xüsusiyyəti əzmkar olmasıydı. Hər zaman özündən 2-3 yaş böyüklərlə oynamağa can atırdı. Şirniyyatı çox sevirdi. Xüsusilə də tort yeməyi və bir də yatmağı çox sevirdi.

Açığı, akademiyamızda ilk ilini çox çətin keçirdi. Bir neçə dəfə futbolu atmaq, Lənkərana qayıtmaq istəyirdi. Ailəsi üçün darıxırdı. Onu gözəl başa düşürdüm. Axı yaşı çox az idi. Lakin müxtəlif yollarla fikirindən daşındırırdım. Bunda Atasının da köməyi çox idi. Daim bir yerdə idik. Nəriman təkcə oyunu yox, həm də xüsusiyyətləri ilə diqqət çəkirdi. Ailəsi ilə daim ünsiyyətdə olurdum. Evin tək oğludur. Narahatlıq anlaşılan idi. Tez-tez atasına günlərini necə keçirməsi barədə məlumat verirdim. Təhsili, zədələri, xəstəlikləri olanda yanında mən olmuşam. Onun indiki səviyyəyə yüksələcəyini kimsə bilməzdi. Bunda milli komandada məşqçi kimi çalışan İlkin Hüseynovun da əziyyətləri olub. Artıq Nəriman iki tarixi qolun müəllifidir. Amma dayanmaq olmaz. Bu adı üzərində saxlamaqla daha çox çalışmasını, oynamasını çox istərdim”.

Bu kimi çətinliklər təxminən 2 il davam edir.

Onun akademiyaya adaptasiya olmasında atasının və Elnur müəllimin böyük xidmətləri olur.

O, təkcə məşqçi yox, həm də bir valideyn olmağı bacarır. Uşağı qayığısı ilə özünə bağlayır, nəvaziş göstərir.

Ailədən uzaq qalmaq problemi yeni-yeni həllini tapır ki, daha böyük ayrılıq Nərimanın qapısını döyür.

O, bu dəfə ölkəni tərk etməli olur.

Təxminən 15 yaşı olanda AFFA aşağı yaş millilərdə seçilən uşaqları Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərilməsinə qərar verir.

Onların arasında Nərimanın da adı olur.

O, İspaniyanın Barselona şəhərində təcrübə keçmək üçün “Qarabağ” akademiyasından yola çıxır.

Orada təcrübə keçərək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edir.

AFFA-nın layihəsi çərçivəsində olduğu üçün səfərin bütün xərclərini də federasiya qarşılayır.

“Barselona” praktikası təxminən 1 ay çəkir.

Və Barselonadan qayıdanda 15 yaşı olmasına baxmayaraq U-17 komandasında çıxış edir.

Hər zaman bacarıqlı olmasına görə özündən böyük yaş qruplarında oynamaq Nəriman üçün adi hala çevrilir.

Növbəti dayanacağı isə 16 yaşında U-19 və əvəzedici komanda olur. Onun "Qarabağ-2"yə cəlb olunmasının da qarışıq tarixçəsi var. Ən yaxşısı əvəzedici komandanın baş məşqçisi Cavad Mirzəyevi dinləyək:

"İlk öncə onu deyim ki, Nərimanın bizim akademiyamızda qalmağının səbəbkarları Elnur Əliyevlə Xəyal Həsənov olub. İlk olaraq bu məşqçilərlə akdemiyamızda başlayıblar. Bizə gələndə Nəriman hələ böyük futbola başlamamışdı. Səhv xatırlamıramsa, onda hələ 6-6, 9-9 sistemində oynayırdı. Yaxşı xatırlayıram Nəriman bir dönəm "Qarabağ"dan ayrılmaq istəyirdi. Çox da detallara varmaq istəməzdim. Çıxış yolu o idi ki, mən onu əvəzedici komandaya götürməliydim və müqavilə imzalanmalıydı. Əks halda getmək qərarı vermişdi. "Qarabağ" məsələsi onun üçün bitmiş olacaqdı. Digər klubların aşağı yaş qruplarından onu istəyənlər çox idi. Səhv etmirəmsə 16 yaşı vardı. Akdemiya müəllimləri xahiş etdilər ki, komandaya götürüm. Perespektivi olduğunu dedilər. Qalması üçün dəstək olmalı olduğumuzu bildirdilər. Hətta bir dəfə Rəşad Sadıqov da onun barəsində məndən məlumat istəmişdi. Nərimanı dəvət edib söhbət etdik. Məşqlərdə iştirak etdi. Bəli, perespektivi vardı. Amma yaşı çox az idi. Bizdə isə Əvəzedici komanda Birinci Liqa ilə qarışıq oynayırdı. Komandada 1992-93-cü il təvəllüd uşaqlar vardı. O isə 2004-cü il təvəllüd idi. Əvəzedici komanda üçün çox tez idi. Sonda qalmasına razılıq verdim. Bir il oyunlarda 5-10 dəqiqə şans verməyə başladıq. Ciddi bir zədə aldı. Klub onu yaxşı klinikada əməliyyat etdirdi.

Növbəti sezonda demək olar ki, əsas oyunçumuza çevrildi. Bütün oyunları onun üzərində qururduq. Çempionatın əsas heyətdə meydana çıxan ən gənc oyunçusu idi. Düzdü, səhvləri olurdu. Müəyyən problemlər yaranmışdı. Klub sağ olsun hər birində yaxından dəstək oldu. Sizin vasitənizlə rəhbərliyə bir daha təşəkkür edirəm. Biz də mütəmadi oynadırdıq, nəzarətdə saxlayırdıq. Həmin mövsüm bürünc medal qazandıq. Nəriman uğurda böyük pay sahibi oldu.

Çempionatın sonu Elçin müəllimə (Qurban Qurbanovun köməkçisi) videoların göndərdim ki, bu uşağa mümkünsə diqqət edin. Mövsümün sonu Qurban müəllimlə də onun barəsində qısa söhbətimiz olmuşdu. Bildirmişdi ki, əsas komandanın məşqlərinə cəlb edəcəyik. Sağ olsun Qurban müəllim elə həmin yay Nərimanı əsas komanda ilə Antalya toplanışına apardı. Beləliklə əsas komandaya gediş baş tutdu"

Qısa zamanda təcrübəli məşqçinin diqqətini çəkən oyunçu əsas komandanın üzvü olur və ikinci komandaya yalnız oyundan-oyuna gedir.

Ötən mövsüm "Şamaxı" ilə matçda 18 yaşlı Nəriman əsas komandada debut edir.

Sonrası isə hər kəsə məlumdur. Mahir Emreli, Musa Qurbanlı, Elvin Cəfərquliyev, Toral Bayramov kimi gəncləri pillə-pillə üst səviyyəyə qaldıran, onları təkcə futbolçu yox, həm də bir şəxsiyyət kimi böyüdən Qurban Qurbanovun "gənclər fabriki"nin növbəti məhsulu Nəriman Axundzadə olur.

Təbii ki, bu, hələ uzun yolun ilk döngələridir. Hələ qarşıda qət olunmalı çox məsafələr var. Nəriman əsla və əsla tarixi qollarda qalmamalı, inkişaf etməlidir. "Qarabağ"ın əsas heyət üzvü olmaq, milli komandanın əsas fiqurlarından birinə çevrilmək və ən önəmlisi Azərbaycan adını ölkə xaricində ləyaqətlə təmsil etmək məsuliyyətini üzərində hər an hiss etməlidir.

Nəriman bundan sonra atasının "Arxayınlaşmaq olmaz. Ancaq qabağa baxmaq lazımdır. Uğurları çoxaltmaq lazımdır. İnşallah, Azərbaycan millisində də vuracağı qollarla xalqımızı sevindirər. Buna hamımızın ehtiyacı var" - sözlərini qulaqlarına sırğa edib, hər məşqdə, hər oyunda bütün bacarıqlarını usanmadan, yorulmadan bütün ruhu ilə meydana qoymağa davam etməlidir.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"