Bu, “Qarabağ”a heç lazım deyildi... “Xəzər Lənkəran” onu yaxşı tanıyır - FOTO

16 Avqust 2022 17:00 Qarabağ 3 285
Bu, “Qarabağ”a heç lazım deyildi... “Xəzər Lənkəran” onu yaxşı tanıyır - FOTO

“Qarabağ”la “Viktoriya” arasında Bakıda baş tutacaq ilk oyunda sloveniyalı hakimlər briqadası iş başında olacaq.

UEFA-nın Hakimlər Komitəsi meydanda əsas söz sahibliyini Slavko Vinçiçə həvalə edib.

Ona yan xətlərdə Tomaş Klaçniklə Andraş Kovaçiç kömək edəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

Çempionlar Liqasının pley-offunda təcrübəli hakimlər bacarığını ortaya qoyur ki, Vinçiçi təcrübəli hakim hesab edə bilərik.

42 yaşlı ədalət təmsilçisi 2010-cu ildən FİFA statusunu daşıyır və hazırda elit hakimlər kateqoriyasında yer alıb.

Bu,

Sloveniyalı referi Avropanın demək olar bütün nəhəng komandalarının oyununu idarə edib: “Bavariya”, “Borussiya Dortmund”, “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Çelsi”, “Milan”, “İnter”, “Atletiko Madrid”... Bir sözlə, təcrübəsinə söz ola bilməz.

Son 12 ildə baş hakim kimi 106 oyuna (58-i klub, 48-i milli komandalar miqyasında) təyinat alıb ki, bu matçlardan 3-də Azərbaycan təmsilçiləri meydanda olub.

İlk belə hal 2013-cü ilin iyuluna təsadüf edib. “Xəzər Lənkəran”ın həmin mövsüm Avropa Liqasının ikinci təsnifat mərhələsində İsraildə “Makkabi Hayfa” ilə qarşılaşması məhz bu hakimin nəzarətində olub.

Gərgin keçən dueldə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.

Sloveniyalı referinin yolu bizimkilərlə bir də 3 aydan sonra kəsişib. U-19-lar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması səfərdə İrlandiyanın qonağı olanda, Slavko meydanda baş verənlərə nəzarət edib.

Meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada sloveniyalı referi komandamızın 7 futbolçusuna sarı, Elvin Bədəlova isə qırmızı vərəqə göstərib.

Və əsas məqam. Slavko Vinçiç “Qarabağ”ın da oyununu idarə edib. Bu, 2015-ci ilə təsadüf edib.

Sloveniyalı hakim “köhlən atlar”ın Avropa Liqasının qrup mərhələsində “Anderlext”ə qarşı keçirdiyi səfər görüşündə iş başında olub.

Hər nə qədər qəribə səslənsə də, bizimkilər bu adamın idarəçiliyi ilə baş tutan növbəti oyunda da məğlubiyyət acısı yaşayıb – 1:2.

2015-ci ilin dekabrın 11-də meydanda olan futbolçulardan Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev və Riçard Almeyda hələ də “Qarabağ”dadır.

Göründüyü kimi, Vinçiçin ayağı bizimkilər üçün heç də düşərli deyil. Təmsilçilərimizin 3 səfər qarşılaşmasını idarə edib və bütün hallarda məğlub olmuşuq. Üstəlik, rəqib qapısından yalnız 1 top keçirmək mümkün olub.

Hər halda 90 dəqiqənin tamamını gözləməyə dəyər. Görək, Slavko Bakıda özünü necə aparacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti