“Erməni silahlılarının Qarabağdan çıxarılması üçün 10 gün vaxt verilməli, əks halda...”

8 Fevral 2023 03:40 Problem 515
“Erməni silahlılarının Qarabağdan çıxarılması üçün 10 gün vaxt verilməli, əks halda...”

Avropa İttifaqının (Aİ) Ermənistana monitorinq missiyası göndərməklə bağlı qərarı yeni situasiya yaradıb.

Ötən il göndərilən müşahidə missiyası iki aylıq fəaliyyətdən sonra geri dönsə də, rəsmi İrəvanın cəhdləri nəticəsində daha böyük heyətin - 100 nəfərlik missiyanın, daha çox müddətə - iki illik göndərilməsi haqda qərar verildi.

Üstəlik, patrul xidmətinin Ermənistanın sərhədlərini əhatə etməsi barədə qarşılıqlı razılaşmanın olduğu bildirilir.

Azərbaycan XİN artıq birtərəfli qəbul olunmuş qərarla bağlı mövqeyini ifadə edib və xəbərdarlığını ünvanlayıb. Bundan sonrakı gedişatın nə vəd etdiyi barədə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”ın suallarını cavablandırdı.

- İlham bəy, Avropa İttifaqı-Azərbaycan münasibətləri kifayət qədər normal şəkildə davam edirdi, qarşılıqlı əməkdaşlıq mövcud idi. Eyni zamanda üçtərəfli danışıqlarda da Avropanın aparıcı təsisatlarından birinin təşəbbüslərinə normal reaksiyalar verilib. Elə isə nə baş verdi ki, Aİ belə bir qərar verdi?

- 2022-ci ildə Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sonda sülh müqaviləsinin imzalanması üçün kifayət dərəcədə fəaliyyət göstərərək aprel, may, avqust aylarında dövlət başçıları səviyyəsində görüşlər keçirməyə nail oldu və oktyabrın 6-da Praqa görüşündən sonra iki dövlət arasında sülh müqaviləsinin ilin sonunda imzalanacağına dair nikbin bəyanatlar verdi. Təəssüf ki, sentyabrda sərhəddə baş verən hərbi qarşıdurma ilə ciddi zədə alan münasibətlər Valday Diskussiya Klubunda söylənilənlərdən, ardınca Soçi görüşündən sonra daha da pisləşdi və Ermənistan rəhbərliyi ritorikasını sərt, barışmaz notlarla zənginləşdirib sülh müqaviləsinə əlavə şərtlər, keçmiş Dağlıq Qarabağın statusu ilə bağlı mövqelər bildirməklə, eyni zamanda dekabrın 7-nə nəzərdə tutulmuş Brüssel görüşündə Fransa prezidentinin iştirakını şərt olaraq irəli sürməklə faktiki olaraq danışıqlar prosesinin dayanmasına səbəb oldu. Avropa İttifaqının əsas hədəfi Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarmaqdır və bu prosesdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əsas faktor kimi görürdü. Paralel olaraq keçən il oktyabrın 20-dən dekabrın 19-dək iki aylıq mülki missiyasını da Ermənistan sərhədində yerləşdirə bildi. Rusiyanın son anda mövqeyi ilə razılaşan Avropa İttifaqı siyasətində korrektələr etməklə, iki illik müddətə Ermənistan-Azərbaycan dövlət sərhədinə, Ermənistan ərazisində yerləşməklə mülki komissiya göndərməyi qərara alıb. Avropa İttifaqının bu addımının əsas hədəfi, qeyd etdiyimiz kimi, Rusiyadır. Bu prosesdə Paşinyan hakimiyyətinin Rusiyaya qarşı mövqe sərgiləməsi də Avropa İttifaqına dəstək verir və Ermənistan sərhədinə iki illik mülki missiyanın göndərilməsi də Qərbin strateji hədəflərinin göstəricisidir. Yəni Avropa İttifaqının missiyası reallıqdır. Amma bu missiyanın iki ölkə arasında sülhə xidmət etməsi birmənalı deyil, əksinə, sülhün yaranmasında müəyyən gərginliklər yarada bilər. Hətta erməni tərəfi elə təxribatlara əl ata bilər ki, nəticədə mülki missiyanın nümayəndələri arasında ölümlə nəticələnən qarşıdurmanın baş verməsi də mümkündür. O zaman erməni təbliğatına Avropa da qoşulacaq.

- Şübhəsiz ki, bu qərar Kremldə qıcıqlı münasibət doğurub, hələ bundan əvvəl Lavrov səviyyəsində xəbərdarlıq olmuşdu. Bəs bundan sonra Rusiya Aİ-nin qərarına cavab olaraq hansı addımları ata bilər?

- Əvvəllər postsovet məkanından ona qarşı yönəlik adi bir jesti belə cavabsız buraxmayan Rusiya indi tarixinin o mərhələsini yaşayır ki, anti-Rusiya təbliğatının baş alıb getdiyi Ermənistana nəinki sərt, heç yumşaq cavab da verə bilmir. Səbəb Ukraynada apardığı uğursuz müharibədir. Üstəlik, iki ildir ki, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri alınmayıb. Rusiya zamanı uzatmaqla Ukrayna müharibəsinin sonunu gözləyir və Cənubi Qafqazda Ermənistanı hələ də özünə forpost hesab edir, həmçinin Ermənistana təzyiq imkanlarından hələ də sonadək istifadə etmir. Fikirləşmək olar ki, Ermənistana iqtisadi, siyasi təzyiqlərlə deyil, Azərbaycanın əli ilə cavab verə bilərmi? Azərbaycanın marağı ərazi bütövlüyünün de-fakto həll edilməsidir. Bunun üçün Azərbaycanın dövlət nəzarətinin Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə bərpa olunmasıdır. Hələ bu nöqtəyə çatmadan erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların geri qaytarılması kimi 10 noyabr bəyanatından irəli gələn tələblərin yerinə yetirilməsi də indiki halda Ermənistana təzyiq vasitəsi ola bilər. Amma Rusiya heç bunlardan istifadə etməyə maraqlı görünmür, Laçın yolu böhranının sərhəd-nəzarət-buraxılış məntəqəsinin yaradılması kimi sivil həllindən belə istifadə etmir və belə olan halda rəsmi Moskvadan Ermənistana qarşı sərt addımlar gözlənilmir. Əksinə, Ermənistanın maraqlarına yaxın ola biləcək addımlar atacağı və bununla hələ də ona havadar olduğunu erməni cəmiyyətinə sübut edəcəyi daha çox ehtimal olunur.

Bu işlərin başında nazir dayanırdı…

- Mümkündürmü Kreml Ermənistandakı silahlı kontingentini-söhbət 102 saylı hərbi bazanın 5 min nəfərlik kontingentindən gedir - geri çəksin?

- Yox. Rusiya Gümrüdəki bazasını çıxararsa, ardınca Qarabağdan da hərbi kontingentini çıxarmalı və faktiki bütün Cənubi Qafqazı tərk etməlidir. Rusiya indi çətin dövr yaşasa da, o qədər də zəifləməyib ki, Paşinyanın demarşları ilə inciyib Ermənistandan hərbi kontingentini çıxarsın. 2044-cü ilədək müqavilələri var və Ermənistan özü belə bu müqavilədən imtina etmək qərarını verməyəcək. KTMT-dən çıxmağa belə risk etməyən Ermənistan bu sərt addımı da atmayacaq. Avropa İttifaqı isə ona görə mülki missiyanı iki il müddətə saxlamaq istəyir ki, Azərbaycan razılaşmaya əsasən, iki ildən sonra, yəni 10 noyabr 2025-ci il müddətinin başa çatmasına altı ay qalmış Rusiyaya etiraz bildirib Azərbaycan ərazisini tərk etməsini tələb edə bilər. Bu zaman Avropa çalışacaq ki, beynəlxalq güclərin cəlb edilməsi ilə sülhməramlı mandat alsın, lakin Azərbaycan buna razı olmadığı halda - və razı da olmayacaq - bu missiya bizim ərazimizə daxil ola bilməz.

- Hüquqi baxımdan, BMT-nin mandat vermədiyi missiyanın Azərbaycanla sərhədə yerləşdirilməsi hansı anlama gəlir?

- Bir ölkənin sərhədində başqa dövlət(lər)in istər mülki missiyasının, istər hərbi kontingentinin yerləşdirilməsinə ölkə özü razılıq verirsə, BMT mandatına ehtiyac yoxdur, indiyədək belə bir praktika da olmayıb. Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya sərhədçiləri neçə illərdir qoruyur və bunun üçün beynəlxalq mandata ehtiyac yoxdur. Azərbaycan Avropa İttifaqının bundan əvvəlki iki aylıq missiyasına da xüsusi etiraz etməmişdi. İndi də Azərbaycan XİN iki illik missiyanı təxribat kimi Ermənistan tərəfindən istifadə olunacağı, danışıqlardan qaçmaq üçün bəhanələr uyduracağı barədə xəbərdar edib. Azərbaycan bu məsələyə qəti etiraz etmir, ona görə ki, qarşı tərəf və Avropa İttifaqı da bu etirazı Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevirə bilər. Bəzi nüanslarla bağlı xəbərdarlıq daha doğru mövqedir.

- İrəvanla “bacı” sazişi imzalayan, Anna Akopyanı yüksək səviyyədə qəbul edən Tehran niyə susur avropalı müşahidəçilərin sərhədləri boyunca ərazilərdə yerləşdirilməsinə?

- İranın Türkiyə və İsrailin Azərbaycanda möhkəmlənməsini qəbul etmədiyi üçün hər zaman başqa güclərin bölgəyə gəlişini təhlükə kimi dəyərləndirməsi bəhanədir. Əslində ona sanksiyalar tətbiq edən Qərbin Ermənistan-Azərbaycan sərhədində Ermənistan ərazisində mülki missiya ilə təmsil olunması perspektivdə İran üçün daha təhlükəli ola bilər, amma bu missiya Azərbaycanın maraqlarına cavab vermədiyi və Ermənistanın maraqlarına uyğun olduğundan susur. İran bununla da Azərbaycana düşmən mövqedə olduğunu bir daha təsdiq etmiş oldu. Bu susqunluq bizim əlimizdə İranın məlum bəhanələrinə qarşı tutarlı faktdır.

- Bəs Tehrandan hansısa sərt reaksiya ola bilərmi?

- Biz sərt reaksiyanı Avropa İttifaqının mülki missiyasının Ermənistan sərhədində yerləşməsinə görə bildirməməliyik! Azərbaycanın sərt reaksiyasının hədəfləri kifayət qədərdir. Laçın yolu etirazının sonu olaraq, sərhəddə nəzarət- buraxılış məntəqəsinin yaradılmasını şərt olaraq kəskin şəkildə elan etməliyik. Erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması üçün 10 gün vaxt verilməli, əks halda, hərbi güc tətbiq edəcəyi xəbərdarlığını həm Rusiyaya, həm də Ermənistana çatdırmalıyıq. Ermənilərin azərbaycanlıları keçmiş Dağlıq Qarabağ ərazində etnik təmizləməyə məruz qoyduqlarını bütün dünyaya bildirib, onların doğma yerlərinə qayıdışına start verildiyini və bununla bağlı siyasi yol xəritəsini qarşı tərəflərə çatdırmalıyıq. Biz Ruben Vardanyanın Xankəndini tərk etməsi kimi tələblə çıxış etməməliyik! Kimdir Ruben Vardanyan ki, qalib dövlətin hədəfi olsun? Biz bu tələblə özümüzü kiçildib, Ruben Vardanyan kimi bir məxluqu böyütmüş oluruq. Başqa sərt reaksiyalarımız da mümkündür. Detalları indi demək məqsədəuyğun deyil.

- 24 yanvar tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsini təklif edib və rəsmi Bakı buna sərt reaksiya verib. Bu sərt ritorika növbəti toqquşmaların, təxribatların anonsu sayıla bilərmi?

- Əgər indiyədək revanşist çağırışlar Ermənistan rəsmiləri tərəfindən deyil, müxalifətin, siyasi qüvvələrin dilindən eşidilirdisə, müharibədən 26 ay keçəndən sonra artıq XİN rəhbərinin dilindən də problemin hərbi yolla həll edilməsi variantı səsləndi. 26 ay ərzində Ermənistanın dili xeyli uzanıb. Dünənə qədər qorxa-qorxa danışanlar bu gün müharibə variantını istisna etmirlər. Artıq keçmiş və indiki hərbiçilərin də mövqelərində müharibə hazırlığı şərt kimi irəli sürülür. Ararat Mirzoyan müharibəni yalnız Laçın yolu probleminin həll variantı kimi deməyib, bütövlükdə Qarabağ münaqişəsini nəzərdə tutub. Son vaxtlar Hindistan və başqa ölkələrdən aldıqları silahlar ermənilərdə cürət yaradıb. Burada bizim də günahımız var. Müharibədən sonra zamanı xeyli boş buraxmışıq. Bu tip bəyanatların davamlı olacağı gözləniləndir. Əgər yuxarıda qeyd etdiyim sərt reaksiyaları qısa müddətdə bildirməsək və onun həyata keçirilməsi üçün real fəaliyyətə keçməsək, ermənilərin ayaqlanması daha sürətlə davam edəcək. Bu gün zaman bizim maraqlarımız üçün çox yaxşıdır, beynəlxalq şərait də əlverişlidir, biz bu zamanı əldən versək, şərait və şərtlər əleyhimizə ola bilər. Zamanı vaxtında dəyərləndirməliyik!

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu