Ermənistan 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində özünü o vəziyyətə gətirib çıxarıb ki, indi nə etməli, harada dayanmalı olduğunu müəyyən edə bilmir.
Azərbaycanın qələbəsindən sonra Ermənistan reallıqlarla barışsaydı, dərhal sülhə meyllənsəydi, bəlkə də indi bu cür dalana dirənməyəcəkdi.
Ancaq düşmən ölkə artıq özünü tamamilə bataqlığa salıb və indi ona nə Avropa yiyə durur, nə də Rusiya.
Hətta damarlarından erməni qanı axdığını daim şəstlə demiş Rusiya XİN-in baş diplmatı Sergey Lavrov da son açıqlamalarında İrəvana xəbərdarlıq edib. Ermənistanın Avropa İttifaqının missiyasını iki illik ərazisinə dəvət etməsinə toxunan Lavrov xatırladıb ki, sərhədlərində missiyanın olması üçün Azərbaycanın da razılığına ehtiyac var, əks halda vəziyyət gərginləşə bilər. S.Lavrovun dediklərinə onu da əlavə etmək olar ki, hələ Ermənistanın destruktiv davranışları səbəbindən faktiki olaraq sərhədlər də mövcud deyil. Belə olan təqdirdə missiyanın harada dayanacağı sualı da ortaya çıxır. Eyni zamanda Ermənistanın sərhədləri Rusiyaya həvalə edilibsə, bu halda Avropa missiyasının gəlişi gərginliyin miqyasını genişləndirə bilər.
Azərbaycanın apardığı xarici siyasətin doğruluğu həm də onunla isbat olunur ki, Ermənistan zaman-zaman arxalandığı, dəstək aldığı Rusiyadan “küsüb”, ona arxa çevirir. Bir müddətdir Ermənistanda Rusiya əleyhinə başlayan proses artıq genişlənib və rəsmi dövlət siyasətinə çevrilməkdədir. Və bunun paralelində deyəsən, Ermənistanda anlamağa başlayırlar ki, regionda Azərbaycan və Türkiyə ilə hesablaşmadan normal yaşamaları mümkün deyil və başqa çıxış yolu da yoxdur... Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Qurgen Arsenyan deyib ki, Rusiya hərbçilərinin Ermənistandakı mövcudluğu əbədi deyil.
![]()
O bildirib ki, Rusiya qoşunları ölkədə mövcud olmasa Ermənistan Türkiyəyə hər hansı təhdid yaratmayacaq və beləcə Türkiyənin sadəcə qonşusu olacaq. Arsenyan qeyd edib ki, Rusiya hərbçilərinə ehtiyac Ermənistanın dövlət quruculuğunun ilk illərindəki baxışların nəticəsidir, lakin onların ölkədə mövcudluğu əbədi deyil. Erməni siyasətçi vurğulayıb ki, indi ölkə rəsmiləri qonşularla əlaqələri tənzimləməyərək ölkənin inkişafına fürsətlər yaratmaqdadır. O, əlavə edib ki, bu məqsədlərə nail olunduğu təqdirdə Rusiyanın ölkədə hərbi mövcudluğu qeyri-vacib olacaq. Arsenyanın sözlərinə görə, 1990-cı illərdə Rusiyanın Ermənistanda hərbi mövcudluğuna ölkənin xilası kimi baxılırdı. Lakin Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib. Ona görə də, əgər Rusiya qoşunları ölkəni tərk etsələr, Türkiyə Ermənistan üçün adi qonşu olacaq. Həmçinin, ermənilər Avropadakı erməni lobbisinin də dəstəyini itirdiklərini etiraf edirlər. “Bizim məmurlar sadəcə olaraq erməni diasporunun topladığı pulların böyük hissəsini talayıblar. Bir neçə il əvvəl Ermənistan cəmiyyətində “Ermənistan-“Artsax”-Diaspora” üçlüyünün tarixə çevrildiyi barədə həyəcan təbili çalınmağa başlandı. Təəssüf ki, bunda həm keçmiş, həm də indiki hakimiyyət nümayəndələrinin əli var idi. Və bu gün Ermənistanla diaspor arasında uçurumun genişlənməsi faktı açıq şəkildə qeyd edilir. Məsələn, Böyük Kilikiya Evinin Patriarxı Birinci Aram bundan rahatlıqla danışır”. Bu fikirlər isə erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb: “Birinci Aram diasporun artıq tükənmə mərhələsində olduğundan danışıb və təcili olaraq yenidən təşkil edilməsinə ehtiyac duyulduğunu erməni cəmiyyətinin diqqətinə çatdırıb. Patriarx bildirib ki, erməni diasporu xüsusilə 44 günlük müharibədən sonra Ermənistana biganə yanaşdığını deyib. Bəli, güvən telləri kəsilib. Amma burada problem təkcə indiki hakimiyyətdə deyil. Erməni diasporunun güvənsizliyi hələ Koçaryan və Sarkisyan rejimlərinin hakimiyyəti dövründə də yaranıb... Bu üç onillikdə diasporun Ermənistana və “Artsax”a ayırdığı bütün pulları ümumiləşdirsək, o zaman ölkəmiz sadəcə dəyişməli idi. Amma bu gün xüsusən Ermənistanın kəndlərinə baxanda çox acınacaqlı mənzərəni müşahidə edirik”. Tevos Arşakyan “Bəli, Ermənistana baxanda insan özünü 90-cı illərin əvvəllərində görür” – deyə bildirib. Bu arada deputat Tiqran Abramyan isə deyib ki, Ermənistan Qarabağdan silahlı dəstələri də çıxaracaq: “Qatar gedib, artıq yeni vəziyyət yaranıb, gərək Vardanyanı təyin edəndə düşünəydilər”... Beləcə, Ermənistan artıq sanki ayağından asılmış vəziyyətdədir. Həm Qarabağa dair Azərbaycanın apardığı uğurlu proses, həm Ermənistanın bütün məkrli planlarının iflas edilməsi İrəvanı o duruma salıb ki, onlar Türkiyə və Azərbaycanın diqtə etdiyi şərtlərdən kənara çıxa bilmirlər. Mənzərə bundan ibarətdir ki, Ermənistanda müəyyən bir qism Rusiyadan qopmağa və regional reallıqlara tabe olmağa köklənib. Paşinyana yaxın olan deputatlar faktiki olaraq alt qatlardakı müzakirələrin anonsunu da vermiş ola bilərlər. Bəs bu xətt inkişaf edə bilərmi? Belə bir niyyət varsa belə, xarici təsir dairələri, Paşinyanın rəqibləri, revanşist qruplar prosesi tormozlaya bilərmi?

