Birtərəfli məhəbbət olmaz.
Bu, hər sahədə belədir. Şəxsi həyatda da, iş dünyasında da.
Lorentsiu Regekampfın ziddiyətli xasiyyəti və qeyri-peşəkar yanaşması «Neftçi»nin ondan fayda görmək ehtimalını sıfıra endirir.
Bu, sadəcə, boş xülyadır. Klub rəhbərliyi yayda avrokuboklarla erkən vidalaşmaq istəmirsə, baş məşqçini vaxt itirmədən yola salmalıdır.
Üç ay da böyük zaman kəsiyidir və komanda bu müddətdə müvəqqəti olaraq əvəzedici heyətin çalışdırıcısı Rəşad Abdullayevə tapşırılsa, nəticələr bundan pis olmayacaq.
Ciddi sözümdür. Rege tezliklə vəzifədən uzaqlaşdırılsa, futbolçular psixoloji sıxıntıdan qurtulacaq, yaz havasının gətirdiyi xoş əhval-ruhiyyə ilə mövsümü başa vuracaqlar.
Onda Emin də, o birilər də fikrindən daşınacaq, tam fərqli istək və əzmlə avrokuboklara hazırlaşacaqlar. Yeni baş məşqçini tapmaq üçün yayı gözləmək növbəti uğursuzluğun əsasını qoyar yoxsa.
İndidən bu yöndə hərəkətlənmək, axtarışları sürətləndirmək gərəkdir. Üç ay içində 300 məşqçini gözdən keçirmək olar.
Dar macalda yenə əl-ayağa düşmək ziyan gətirəcək. Samir Abasovu göndərədən sonra hansı vəziyyətə düşdükləri, yəqin ki, hələ funksionerlərin yadından çıxmayıb.
O «palçığ»a bir də batmaq bağışlanmayacaq. İstər SOCAR, istərsə də azarkeşlər tərəfindən.
MUSA

