Geridə qoyduğumuz həftə “Neftçi İdman Klubu” üçün kifayət qədər uğurlu alınıb.
Müxtəlif idman növlərində müxtəlif adlar altında mübarizə aparan komandalar həftəni uğurlu nəticələrlə başa vurub.
“Neftçi İK”nın balansında olan “Qaradağ Lökbatan” Birinci Divizionun 17-ci turunda “Neftçi-2”ni qəbul edib. Gərgin və maraqlı keçən qarşılaşmada Lökbatanı təmsil edən komanda 1:0 hesabı ilə qələbə qazanıb və xalların sayını 21-ə yüksəldib.
Futzal üzrə ölkə çempionatının yüksək dəstəsində 13-cü turun oyunları keçirilib. “Neftçi İK” fevralın 16-da “U-19” komandası ilə qarşılaşıb və inamlı qələbəyə sevinib – 9:1.
"Neftçi İdman Klubu"nun cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən "Böyük dəbilqə" turnirində gümüş medala sahib olub.
66 kiloqram çəki dərəcəsində mübarizə aparan və finala qədər inamla irəliləyən idmançımız qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Vaja Margelaşvili ilə üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə məğlub olan Orxan Səfərov fəxri kürsünün ikinci pilləsində yer alıb.
HƏBİB / SPORTİNFO.AZ

