«Neftçi»nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev yeni transfer əməliyyatının həyata keçiriləcəyi ilə bağlı son günlər yayılmış xəbərlərə aydınlıq gətirib.
O, Sportinfo.az-a açıqlamasında hazırda heç bir legionerlə danışıqlar aparmadıqlarını bildirib:
«Nəzərdə tutulmuş transferləri həyata keçirmişik. Büdcədə bunun üçün nə qədər vəsait ayrılmışdısa, hamısı xərclənib.
Hesab edirik ki, komandamızda kifayət qədər futbolçu var və mövcud heyət qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə kifayətdir».
Sosial şəbəkələrdə yayılan iddialara görə, «Neftçi» yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Bu məqsədlə azad agent statusu daşıyan legionerlə görüşmələrin davam etdirildiyi qeyd olunur.
«Ağ-qaralar» qış fasiləsində 3 yeni transferlə yadda qalıb.
Müqavilə ilə «Sumqayıt»a məxsus Höccət Haqverdini sıralarına qatan paytaxt təmsilçisi həmçinin fransalı yarımmüdafiəçi Kilan Lebonla braziliyalı hücumçu Mateus Saldanya ilə anlaşıb.

