“Qəbələ” bu cür “sevgini” haqq edir? – İsraillinin reaksiyası

17 Fevral 2023 20:40 Neftçi 751
“Qəbələ” bu cür “sevgini” haqq edir? – İsraillinin reaksiyası

Hesabat turunun “Qəbələ” – “Neftçi” matçında azarkeş sayı 300 göstərilib.

Lakin stadionda olan və saymağı bacaran jurnalistlər həmin gün stadionda ən yaxşı halda 100-150 arası azarkeşin olduğunu gördü.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan, çempionatın maraqlı komandalarından olan “Qəbələ”yə bu cür münasibət qəbul olunmazdır. “Qırmızı-qaralar” ev oyunlarında belə, yerli camaatdan dəstək görmürsə, bu bölgədə futbolun olması kimə və nəyə gərəkdir?

Təbii, bu hal məşqçi və futbolçu heyətinə də xoş gəlmir. Gecə-gündüz əziyyət çəkən, yayda Qəbələni və Azərbaycanı avrokuboklarda təmsil etməyi qarşısına əsas məqsəd qoyan komanda sevgisizlikdən əziyyət çəkir.

Maraqlıdır, futbolçular bu haqda nə düşünür? Onlar çıxış yolunu nədə görür? Dəstəksizliyin kökündə nə dayanır?

Komandanın israilli yarımmüdafiəçisi Feras Abu Akal Sportinfo.az-a açıqlamasında bu mövzuda sualları cavablandırıb:

“Neftçi”ylə oyunda hava şəraiti əlverişsiz idi. Şaxta 90 dəqiqə qaçan biz futbolçulara təsir edirdi, o ki qalmışdı azarkeşlərə. Ona görə də onları başa düşmək lazımdır.

Təbii, hər bir futbolçunun arzusu dolu tribunalar qarşısında oynamaqdır. Həm bizə dəstək vermiş olarlar, həm də rəqibə təzyiq göstərərlər. Sırf “Neftçi”ylə matçdan danışırıqsa, onları qınamıram, anlayışla qarşılayıram.

Növbəti oyunumuz yenə Qəbələdədir. İnanır və ümid edirəm ki, “Sumqayıt”la görüşdə stadiona gəlib komandaya lazım olan dəstəyi verəcəklər. Çünki onların dəstəyinə ehtiyacımız var”.

Fevralın 10-da “Qəbələ”ylə “Neftçi” arasında keçirilən oyunda qapılara top vurulmayıb.

Bölgə təmsilçisi növbəti qarşılaşmasını fevralın 18-də “Sumqayıt”a qarşı keçirəcək və oyun saat 15:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!