Azərbaycan klubuna haynan gəlib, vaynan gedən braziliyalı kimdir?

17 Fevral 2023 21:00 Neftçi 2 810
Azərbaycan klubuna haynan gəlib, vaynan gedən braziliyalı kimdir?

Son illər “Neftçi” də parlayıb, daha yaxşı kluba keçən və ya daha yaxşı qiymətə satılan futbolçular görmüşük.

Məsələn, Mamadu Kane 2019-cu ildə paytaxt klubuna gələndə qiyməti heç 50 min avro deyildi. Amma qısa müddət sonra qvineyalı futbolçu Yunanıstan nəhəngi “Olimpiakos”a transfer olunmuşdu. Təmsilçimiz isə keçiddən 1 milyon avro qazanc əldə etmişdi.

2020-ci ildə azad agent kimi “Neftçi”yə transfer olunan Sabir Buqrin isə 2 il sonra təxminən yarım milyon avro qarşılığında Mərakeşin “Esperans” kollektivinə transfer olunmuşdu.

Gilyermo Patonun komandaya transferində də əsas məqsəd bu idi. Belə ki, 20 yaşlı braziliyalının burada parlaması və yaxın gələcəkdə Kane kimi sanballı bir kluba transferi xəyal edilirdi.

Hətta bu məqsədlə onun keçidi üçün məxsus olduğu “İnternasional” klubuna 100 min avro ödəniş də edilmişdi.

Rəsmilər hər fürsətdə Patonun qısa müddətdə parlayacağını dilə gətirir, yaxın ətrafına inandırmağa çalışırdı. Bu çağrışa hay verənlər də az deyildi.

Amma arxada qalan 1 il göstərdi ki, onu bəyənənlər, transferini həyata keçirənlər nə qədər böyük yanlışa yol verib. Samir Abasovun dönəmində keçidi rəsmiləşən cənubi amerikalı ilk gündən heç bir perespektiv vəd etmirdi. Heç yerli mütəxəssis özü də ona düzəməlli güvənmirdi.

Abasov getdi, Laurentsiu Regekampf gəldi. Əcnəbi çalışdırıcı yarımmüdafiəçi kimi heyətə cəlb edilən futbolçunu yoxlamadığı tək mövqe qapı qaldı. Lakin bir işə yaramadı ki, yaramadı.

Meydana çıxdığı 32 qarşılaşmada aktivinə 2 qol və 1 asist yazdırmaqdan savayı...

Qış fasiləsindən sonrakı 4 turda bir dəqiqə belə oynadılmayan legionerin qələminin qırıldığı gün kimi ortadaydı. Sadəcə, rəhbərlik bütün mümkün variantlara əl atdı ki, o, icarəyə verilsin.

Heç kim ona yaxın durmayınca, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməkdən başqa yol qalmadı. Batan 100 min, olan isə "Neftçi"yə oldu.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!