Laurentsiu Regekampf üçün "Neftçi" rəhbərliyi arxada qalan bir ildə nə lazımdısa etdi.
Zaman istədi, zaman verdilər. Futbolçu istədi, futbolçu aldılar.
Hə, kimsə əks arqumentlər gətirə bilər. Məsələn, bəlkə, futbolçular baş məşqçinin iradəsi ilə komandaya gəlməyib? Açığı, buna inanmıram. Belədisə belə yenə günahkar iradə çatışmazlığı yaşayan rumıniyalıdadır.
Və ya irad bildirilə bilər ki, heyət hələ də geniş deyil. Axsayan mövqelər var, ehtiyat skamiya yarımçıqdır. Razıyam, indiki "Neftçi"nin heyəti "Qarabağ"dan parlaq deyil. Bəlkə heç "Sabah" da deyil.
Amma "Qəbələ"dən geri qalmır axı. Elmar Baxşıyev bəzən oyun qurucusun mərkəz müdafiəçisi, vingeri cinah müdafiəçisi kimi oynadır. Amma komandasını da oynadır axı. Uduzduqları oyunda belə dəsti-xəttləri, sistemləri göz deşir.
Heç bu iki komandanın legionerlərin də müqayisə eləmək mümkün deyil.
"Qırmızı qaralar"da əcnəbi futbolçuya maksimum 10 min dollar verilir. O da 1-2 sayda ola-olmaya.
"Neftçi"nin əcnəbilərinə minimum bu qədər maaş verilir. 3 dəfə artıq alanı da var.
Bəs, oyun? Ondan isə əsər-əlamət yoxdur. Komanda udanda belə zarıya-zarıya bunu bacarır. Hansısa fərdi oyunçuların keyfiyyətləri hesabına, ya da bəxtin ümidinə.
Əcnəbi mütəxəssis dağ boyda probleminə kor olub, Qəbələ də bir də hakimləri qınayıb. Özü də haqqsız yerə.
Azərbaycan Premyer Liqasının son illər ideal idarə olunan 3-5 oyunundan birində hakimlərə dil uzadıb.
Artırılan 4 dəqiqənin azlığından şikayətlənib.
Yeməklə doymayan yalamaqla doyacaqmış. Hakim 4 yox, 14 dəqiqə də artırsa "Neftçi" adına müsbət nəsə dəyişəsi deyildi. Sevinsin ki, Fərid Hacıyev əlavə vaxtı çox etməyib. Yoxsa meydan sahibləri layiq olduqları qolu vurub, Regekampfın yetirmələrini xalsız qoyacaqdı.
Hətta iddia edib ki, oyunda ən neqativ hal hakimlik idi.
Nəinki son oyunda, bütövlükdə bu mövsüm "Neftçi"nin ən neqativ adamı sən özünsən.
Məncə, yaxşı hakimlikdən də, uzun zamandan da, geniş heyətdən də keçib artıq.
İndiki "Neftçi"yə bu məqamda ən böyük dəstək sənin istefan olmalıdır. Əgər ədalətin varsa, özünə hörmət edirsənsə.
XANOĞLAN İMANOV

