"Neftçi” boş oturacaqlar önündə oynayacaq – Düşünün, bəylər

7 Fevral 2023 20:40 Neftçi 743
"Neftçi” boş oturacaqlar önündə oynayacaq – Düşünün, bəylər

“Neftçi”nin “Sumqayıt”la ev oyununda “Bakcell Arena”nın tribunaları rəsmən ağlayırdı.

Həmin gün stadion vizual olaraq “Neftçi”nin başı idi. Tribunalarda yer alan təkəm-seyrək azarkeşlər isə yanaqlardan süzülən göz yaşlarına bənzəyirdi.

Bazar (istirahət) günü axşam saatlarında start götürən oyunu izləmək üçün sözügedən arenaya vur-tut 500 nəfər təşrif buyurmuşdu.

Barmaqlarımızı və gözlərimizi işə salıb saysaydıq, bəlkə də göstərilən rəqəmdən də az idi adam sayı.

“Ağ-qaralar” bundan 4 gün əvvəl “Zirə”ylə qarşılaşmışdı. Fevralın ilk günündəki say da bunun bənzəri idi – 700 nəfər.

Yəni ölkənin ən köklü klubunun qış fasiləsindən sonra doğma meydanda keçirdiyi ardıcıl iki matçına cəmi 1200 nəfər adam gəlib. Bunun adı faciədir.

Komandanın qeyri-sabit görünməsi, çempionluq şansını vaxtından əvvəl “suya atması”, mövsümlərarası fasilə dönəmində kütləvi dəyişikliklərin aparılması, baş məşqçilərin əlcək kimi dəyişdirilməsi “Neftçi”nin əzəmətini itirib, azarkeşləri futboldan küsdürüb.

İllərini ağ-qara rənglərə könül verənlərin fəryadını görmək üçün klubun sosial şəbəkə hesablarında yazılanlara baxmaq kifayətdir. Hamı “Neftçi”nin bu gününə üsyan edir.

Küsənlər, sevib-seçdiyi komandaya arxa çevirlənlər var. Çempionluqları sıralayan komandadan əsər-əlamət qalmayıb deyə, fanatlar mövcud durumla barışa bilmir.

“Neftçi”nin “xəstələri” evdə oturub klub rəhbərliyində baş verə biləcək dəyişikliyi gözləyir. SOCAR-ın prezidenti Rövşən Nəcəfin klubda əsas söz sahibinə çevrilməsindən sonra “Neftçi”də mühüm dəyişikliklərin olacağı şübhə doğurmur.

Sadəcə, dəqiq tarix bilinmir. Azarkeşlərin küncə qısılıb səbrsizliklə gözlədiyi xəbər hələ ki, yubanır.

“Neftçi”də son illərdə görülən işlərin güzgüsü tribunalardakı vəziyyətdir. “Forza Neftçi”nin 50-100, “Neftçimania”nın 20-30 nəfərlik dəstəsi olmasa, futbolçular boş oturacaqların qarşısında oynayacaq. İndi hər şey buna doğru aparır.

Məlum durum klub rəhbərliyini düşündürür, yoxsa, gördüklərindən həzz alırlar, qəti söz demək çətindir. Deyilməsi asan olan bir şey var, o da “Neftçi”nin gözdən salınması, azarkeşlərin kluba arxa çevirməsidir.

Düşünün, bəylər, düşünün.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"