"Neftçi"nin qış fasiləsində etdiyi sonuncu transfer Mateus Saldanya oldu.
Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubundan icarəyə götürülən forvard Premyer Liqanın sonuncu turunun "Zirə" ilə matçında debüt etdi.
Start heyətində meydana çıxan braziliyalı hücumçu yalnız 94-cü dəqiqədə Yeqor Boqomolski ilə əvəzləndi.
28-ci dəqiqədə sarı vərəqə ilə yadda qalan yeni "9 nömrə" qol hesabını açmağı bacarmadı.
Saldanya minimal hesabla qələbə qazandıqları (1:0) görüşdən sonra debüt matçı ilə bağlı xoş fikirlərini dilə gətirdi: “Neftçi”nin formasını ilk dəfə geyindiyim üçün xoşbəxtəm. Hər oyun inkişaf edəcəyimizə inanıram”.
İlk oyundan sonra onun kimi azarkeşlərdə də xoş gələcəyə böyük inam yaranıb.
Bunu Saldanyanın debüt matçı ilə bağlı tərəfdarların sosial şəbəkədə yazdıqları müsbət şərhlərdən görmək mümkündür. Düzdü, narazı qalan, tərəddüd edənlər də yox deyil. Amma əksəriyyət yeni transferdən razılıq edib:
"Pis deyil, bir az da artırmalıdır".
"Bu futbolçunun potensialı var, alınacaq. Məşqçidən asılıdır".
"Mən bəyəndim. Özünə əmin, hərəkətli, yaradıcı və təhlükəlidir".
"İlk oyuna görə yaxşıdır. Aktiv və sürətlidir. Nəsə etmək istəyir. Bircə məşqçi taktikası bərbaddır. O müdafiə sistemi ilə heç nə etmək olmaz. Hücumameyilli cinah müdafiəçiləri oynatmaq lazımdır ki, komanda hücumda dişli görünsün".
"Faydalı olacağını düşünürəm".
"Baş aldatmaq üçün yaxşıdır".
"Çox istəklidir. Özü top qazanmağa çalışır. Uğurlar olsun".
"Getdikcə yaxşı oynayacaq, "virusa" yoluxmasa".
"Hələki heç nə".
"Yaxşıdı, topla sərbəst və sadə oynayır. İnşallah, pis olmaz".
XANOĞLAN / SPORTİNFO.AZ