"Neftçi"dən ayrılmaq Emin Mahmudovun haqqıdır!

2 Fevral 2023 22:20 Neftçi 1 747
"Neftçi"dən ayrılmaq Emin Mahmudovun haqqıdır!

Emin Mahmudov “Neftçi”ni tərk edə bilər. Hələki ehtimaldı, real olacağına isə şəxsən inanmıram.

Emin 2017-ci ildən “ağ qaralar”ın şərəfin qoruyur. 2020-ci ildə yenilən müqaviləsi yayda başa çatacaq.

Klubun yeni müqavilə təklifinə hələ də net cavab verilməyib.

Şübhələr məhz bundan qaynaqlanır. Ayrılıq barədə rəsmi heç nə yoxdur. Amma indidən bəzi “Neftçi” fanatları kapitanı linc etməyə qalxıb.

Maraqlıdır, niyə? Məgər Eminin “Neftçi”ni tərk etmək haqqı yoxdur?

Mahmudov son illər Azərbaycan futbolunun üzdə olan 3-5 yerli futbolçusundan biridir. Bəlkə də birincisidir.

“Neftçi” formasında meydana çıxdığı 172 oyunda 42 qol, 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırkı mövsüm aktivindəki 10 qolla bombardirlər cədvəlində yer alan yeganə “Neftçi”lidir. Yarımmüdafiəçi üçün əla göstəricidir.

Milli komandanın lideridir. Hücumçu olmasa da yığmanın “vuran ayağı”dır.

2018-ci ildən çıxış etdiyi əsas millidə 37 oyun keçirib və 9 qol vurub. Onu ən məhsuldar oyunçu olan Qurban Qurbanovdan cəmi 5 qol ayırır.

Son illər bir neçə sorğuda yekdil rəylə ilin futbolçusu adına layiq görülüb.

Heç vaxt intizamsız hərəkətləri onu gündəmə gətirməyib. Oyunu və vurduğu qollarla tərəfli-tərəfsiz hər kəsin sevimlisinə çevrilməyi bacarıb.

Böyük futbolçular üçün karyerası ərzində vurduğu qollardan, etdiyi asistlərdən vacib qazandığı titullardır. Emin də ölkə çapında böyük futbolçudur.

Bu gün-sabah onun 31 yaşı tamam olacaq. Təsəvvür edin ki, karyerasında cəmi 1 qızıl medal var. Medalları sıralayan komandadan gələn dəvətlərə isə “yox” deyir. Ki, o medalları sevimli komandası olan “Neftçi”də qazansın.

Amma həmin “Neftçi”ni bu gün elə günə salıblar ki, sabaha ümidi yoxdur.

Emin çəkidə futbolçu Sabaha ümidi olmayan bir klubda bu günün niyə qurban verməlidir?

Axı medallar qazanmaq onun səviyyədə top oyunçuların haqqıdır. Elə bu yolda “Neftçi”dən ayrılmaq da!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!