“Neftçi”nin baş məşqçisi Braziliyada - Bir transferin izi ilə... FOTO

31 Yanvar 2023 20:40 Neftçi 2 398
“Neftçi”nin baş məşqçisi Braziliyada - Bir transferin izi ilə... FOTO

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf yeni ili Braziliyada qarşılayıb.

Okeanın o tayına səfər edən rumın çalışdırıcı Braziliyanı tətil etmək üçün uyğun ölkə göstərsə də, əslində məqsəd başqa olub.

Belə ki, o, 15 ildən çoxdur yaxından tanıdığı və dostluq etdiyi Xose Martines adlı braziliyalı agentlə görüşmək üçün menecerin vətəninə uçub.

Xose ilə Laurentsiu uzun illərin dostudur. “Neftçi”nin baş məşqçisi hələ Anamariya Prodanla ailəli olanda dostluğun təməli qoyulub.

Və geridə qalan müddət ərzində Martines Regekampfa, baş məşqçi də agentə az xeyir verməyib. Cütlüyün əməkdaşlığı əksər vaxtlarda bir-birinin işinə yarayıb.

"Mançester Siti"nin sabiq forvardı Türkiyə klubunda

Lakin Rege 2012-ci ildə “Styaua”nı çalışdırdığı dönəmdə məhz bu menecerin işbazlığı ucbatından baş məşqçi klub prezidenti Cici Bekali ilə kəllə-kəlləyə gəlib. Laurentsiu prezidentə sıradan futbolçu olan Adi Roşa adlı hücum çunu israrla komandasında görmək istədiyini bildirib. Cici razılıq verib.

Lakin söhbət maliyyə məsələsinin müzakirəsinə çatanda, Bekalinin gözləri kəlləsinə çıxıb. O, bu qiymətə Roşadan səviyyəli futbolçu transfer etməyin mümkünlüyünü deyib,

Rege qətiyyətlə məhz bu futbolçunun transferində dayanıb.

Onunla agentin əlbir olmasından duyuq düşən tanınmış futbol funksioneri Laurentsiuya əməllərinə fikir verməyi, bu cür fırıldaqların onun üçün keçərli olmayacağını tapşırıb. Baş məşqçi ilə başqan arasında ciddi münaqişə yaşanıb.

Martineslə isti münasibətini bu günə kimi davam etdirən Rege, braziliyalı menecerdən “Neftçi”yə hücumçu tapmasını xahiş edib. Braziliyaya uçmasının kökündə növbəti əməkdaşlıq dayanıb.

Xose bu işdə ona yardım edəcəyini deyərək bir neçə müştərisinin CV-sini göndərib. Müzakirələrdən və müqavilə şərtləri gözdən keçiriləndən sonra seçim Saldanyanın üzərində olub.

Mənbəmizin verdiyi məlumata görə, Saldanya “Neftçi”də illik 300-350 min dollarlıq müqaviləyə imza atıb.

Daha öncə “Qarabağ”la “Neftçi”yə də təklif olunan ucaboy forvardın real əməkhaqqısının bu məbləğdə olması inandırıcı görünmür.

Adam Yaponiyanın 2-ci liqa təmsilçisi “JEF Yunayted”ə məxsus olmasına baxmayaraq, ötən ilin ikinci yarısını icarə əsasında Çinin “Çenqdu Ronqçenq”ində keçirib və meydana çıxdığı 19 oyunda vur-tut 3 qola imza atıb.

Hücumçu olmasına rəğmən 19 matçda 3 dəfə fərqlənən, Yaponiyanın 2-li liqa təmsilçisinin belə, xidmətinə gərək duymadığı futbolçunun real maaşının hansı məbləği əks etdirdiyini təxmin etmək çətin deyil.

Amma Regekampf onu israrla komandasında görmək istədiyini söyləyib və qeyd etdiyimiz kimi, Saldanyanın keçidində israr edib.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev redaksiyamıza ötürülən şok faktları dinləyəndən sonra mövqeyi belə oldu:

“Bəli, Laurentsiu Regekampf qış tətilini keçirmək üçün Braziliyaya yollanmışdı. Saldanya variantı isə komanda Antalya toplanışında olduğu vaxt yaranmışdı.

Regekampf ora kiminləsə görüşmək və ya transfer danışığı aparmaq üçün yox, ailəsi ilə istirahət etmək üçün getmişdi”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti