Rege deyir ki: İşləmək istəmirəm, pulumu verin, gedim!

27 Yanvar 2023 17:40 Neftçi 2 721
Rege deyir ki: İşləmək istəmirəm, pulumu verin, gedim!

Ötən ilin iyununda ikiillik müqaviləyə qol çəkəndə, Lorentsiu Regekampf çempionluqdan dəm vurmuşdu.

Bir gündə «Qarabağ»a tərəf bir neçə «əlcək» atmışdı.

Özünün və «Neftçi»nin iddiası üst-üstə düşdüyü üçün aldığı təklifi qəbul etdiyini demişdi. Hələ başqa vədlər də vermişdi, açığı, yadımda qalan budur.

Deməli. Aradan cəmi 8 aya yaxın vaxt keçib, Rege bu gün nə çempionluq vədini yadına salmaq istəyir, nə də ikincilik savaşını məğlub bitirməsini.

Rumıniyalı indi Konfrans Liqasına vəsiqə qazanmağı hədəflədiklərini deyir. O. sabah da başqa söz deyəcək. Hansı ki, bu gün onu demir. «Dar gün» üçün saxlayır.

Rege yaxın və uzaq perspektivə hesablanmış məqsədlərindən söz açmaqla, əslində, vaxt udmur. Samir Abasovun əvəzləyicisi gah nala, gah mıxa vuran açıqlamaları ilə rəhbərliyi tələsdirir.

Sözünün məğzi budur ki, tez olun, təzminatımı verin, istefaya göndərin, sizin də canınız dincəlsin, mənim də.

Bu 8 ayda komandaya səkkiz qəpiklik futbol oynada bilməyən baş məşqçi daha 8 ay burada qalsa, nə olacaq, qalmasa, nə olacaq! Tam məsuliyyətimlə iddia edirəm ki, heç nə düzəlməyəcək.

«Neftçi»nin futbolçusu topdan ayağını çəkir.

«Neftçi»nin futbolçusu mübarizə aparmadan uduzmağı üstün tutur.

«Neftçi»nin futbolçusu qələbə istəmir, kortəbii oynayır.

Çünki birinci, onlara bunu öyrədən, başa salan, ikincisi, tələb edən yoxdur. Rege o gücdə, o həvəsdə məşqçi deyil.

Buvaxtadək 17 klubda necə işləyib, necə nəticə qazanıb, doğrudan da, çox müəmmalı gəlir mənə.

Bəlkə də keçmiş xanımının əlindən qaçmaq üçün Azərbaycandadır. Cismi burada, ruhu Rumıniyadadır, çox sıxılır. Və komandya da cansıxıcı futbol oynadır.

Udumaq olar e, day Masazırdakı kimi yox da. Lap ayıb etdilər. Özlərinin utanmaması bəs deyilmiş kimi, «Neftçi» azarkeşini utandırdılar.

Sözün bütün mənalarında, dünənki «Sabah»a hər komponentdə uduzmaq, 70 dəqiqə rəqib qapısının həndəvərinə yaxın düşə bilməmək nə deməkdir, bunu «Neftçi»də kimsə anlayır, görəsən?

Miskin və yazıq futbolu ilə futbolun özünu hörmətdən salan baş məşqçiyə, oyunçulara «ar olsun» dedik, tutaq ki.

Bununla problem aradan qalxmır e! Məsələnin kökünə gedib çıxmaq lazımdır. Səbəb daha dərində, səbəbkarlar isə yuxarı qatdadır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti