“Nə gizlədim, pul dağıdan olmamışam - Başa düşdüm ki, bu, mənə yaşamaq üçün lazımdır”

16 Yanvar 2023 20:00 Neftçi 1 037
“Nə gizlədim, pul dağıdan olmamışam - Başa düşdüm ki, bu, mənə yaşamaq üçün lazımdır”

“Neftçi” azarkeşləri arasında klub tarixinin ən yaxşı üç əcnəbi futbolçusunun kimliyi ilə bağlı sorğu keçirilsə, heç şübhəsiz, Saşa Stamenkoviç onlardan biri olacaq.

Ağ-qara formada keçirdiyi 4 il ərzində 2 dəfə çempionluq sevinci yaşayan, 2 dəfə ölkə kubokunu qazanan, Avropa Liqasının qrup mərhələsinə yüksələn heyətdə olan serbiyalı qapıçı təkcə qapıçı keyfiyyətləri ilə yox, insani xüsusiyyətləri ilə də insanların rəğbətini qazanmağı bacarmışdı.

Elə buna görə də Stamenkoviç soyadı hələ də “Neftçi” fanatlarının dilində gəzir, ona olan sevgi tükənmir.

Sportinfo.az-ın budəfəki legioner müsahibi haqqında bəhs etdiyimiz Saşa Stamenkoviçdir.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/160476.html)

- “Neftçi”nin o vaxtkı uğurlarının əsas sirri nədə idi? Rəhbərliyin düzgün futbol siyasətində, yoxsa heyətin güclü olmasında?

- Uğurlarda bazada çalışan xadimədən, mühafizəçidən tutmuş, ehtiyat oyunçular skamyasında əyləşən gənc futbolçuya qədər – hamının əməyi vardı. “Neftçi”dəki xoş nəticələrin səbəbi ailə şəklində birləşməyimiz idi. Hamı eyni şeyi düşünürdü, uğuru arzulayırdı. Ona görə də rəhbərliyi, futbolçuları, yaxud başqa kimisə fərqləndirmək doğru olmaz. Hər halda rəhbərliyin futbol siyasəti doğru idi ki, seleksiya işləri düzgün aparılmışdı. Və “Neftçi”yə gələn hər futbolçu meydanda canını qoyurdu.

- 2015-ci ildə “Neftçi”dən ayrıldın və 3 il sonra yenidən Azərbaycana qayıdıb “Sabah”la müqavilə bağladın. “Neftçi”yə, “Neftçi” azarkeşlərinə qarşı oynamaq necə hiss idi?

- Bunu sözlə ifadə edə bilməyəcəyəm. Peşəkar futbolçuların karyerasında bu cür hallar yaşanır. Bəzən 10-12 il bir komandanın şərəfini qoruyan futbolçu günlərin birində həmin şəhərin başqa komandasına keçir. Yəni məşqçi və idmançı həyatı belədir. Əlbəttə, “Neftçi”yə qarşı oynamaq çətin idi. Fikir verirdinizsə, “Neftçi”ylə matçlarda oyunum alınmırdı. Ən zəif oyunlarım “Neftçi”yə qarşı olurdu. Bu, güclü oynamaq istəməməyim anlamına gəlməməlidir. Sadəcə, oyuna lazımınca köklənə, toparlana bilmirdim.

- “Sabah”ı tərk etməyin gözlənilməz oldu. Bir anda çantanı yığıb getdin. Nə baş vermişdi?

- Həyatda elə şeylər var ki, futboldan və işdən çox-çox önəmlidir. Bunlardan biri də ailə dəyərləri, ailə qayğısıdır. Həmin vaxt şəxsi problemlərim yaranmışdı. Onları həll etmək üçün mütləq Serbiyaya qayıtmalıydım. Ona görə də Bakını tərk etməli oldum. Fikrimcə, mənim yerimdə kim olsaydı, eyni addımı atardı.

- Azərbaycanda çıxış etdiyin üst-üstə 7 ildə az pul qazanmadın. Maraqlıdır, həmin vəsaitlərlə gələcəyə yatırım etmisən? Biznesin var?

- Futbolu heç vaxt sırf pula görə oynamamışam. Amma başa düşürdüm ki, bir gün karyeramı başa vurandan sonra yaşamaq üçün mənə pul lazım olacaq. Nə gizlədim, pul dağıdan olmamışam. Qazandıqlarımı ailəmə və əzizlərimə xərcləmişəm. Bəzən də dostlarıma.

- Hazırda nə işlə məşğul olursan? Futbolçu karyeranı davam etdirmək niyyətin var, yoxsa məşqçiliyə başlamaq fikrindəsən?

- Hazırda evdəyəm, sizinlə danışa-danışa qaçış xalçasında qaçıram, məşq edirəm. “Sabah”dan ayrılandan sonra Qazaxıstana getmişdim. Ötən il “Aktobe”də oldum, bir müddət öncə yollarımızı ayırmaq qərarına gəldik. Hazırda işsizəm. Maraqlı təklif olsa, dəyərləndirəcəyəm.

- 38 yaşın tamam oldu.

- Heç bir problem yoxdur (gülür). Bundan sonra daha 1-2 il oynamaq istəyirəm. Əsas odur özümdə o gücü hiss edirəm. Nə vaxtsa görsəm ki, alınmır, gücüm çatmır, futboldan uzaqlaşacağam. Sağlamlığım imkan verdiyi qədər oynamaq istəyirəm. Açıq deyim, hələ futboldan doymamışam.

- Azərbaycan futbolunu və çempionatını izləyirsən?

- Əlbəttə, əlbəttə. Canni de Byazinin millidə qalmasına sevindim, açığı, Son vaxtlar nəticələr yaxşılaşmışdı, qələbələr sıralanırdı. Artıq düşündüklərini futbolçulara aşılaya bilir. Üstəlik, futbolçuları yaxından tanıyır, kimin nəyə qadir olduğunu bilir. Fikrimcə, Azərbaycan yığması bu templə davam etsə, yaxın 2-3 il ərzində ciddi uğurlara imza ata biləcək.

- Bu neçə ildə Azərbaycan dilini öyrənmədin, hə?

- Bəzi sözləri bilirəm (gülür).

- “Salam, sağ ol, nuş olsun, necəsən, yaxşıyam” – bunları bilməyin normaldır. Dilimizi başa düşməyini, fikirlərini hansısa formada izah etməyini deyirəm.

- Ən çox təəssüfləndiyim şeylərdən biri də budur. Bəlkə də rus dilində başa düşməsəydim və danışmasaydım, azərbaycanca öyrənəcəkdim. Amma ünsiyyəti rus dilində qururduq deyə, Azərbaycan dilini öyrənə bilmədim. Yalnız bir neçə söz bilirəm. Öyrənsəydim, nəvaxtsa Azərbaycana gələndə, yaxud Türkiyəyə gedəndə insanlarla rahat şəkildə ünsiyyət qurardım.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti