“Neftçi”də məşhurlaşan: “Verdiyim qərara görə qətiyyən peşman deyiləm”

14 Yanvar 2023 20:40 Müsahibə 1 410
“Neftçi”də məşhurlaşan: “Verdiyim qərara görə qətiyyən peşman deyiləm”

“Neftçi” azarkeşləri arasında klub tarixinin ən yaxşı üç əcnəbi futbolçusunun kimliyi ilə bağlı sorğu keçirilsə, heç şübhəsiz, Saşa Stamenkoviç onlardan biri olacaq.

Ağ-qara formada keçirdiyi 4 il ərzində 2 dəfə çempionluq sevinci yaşayan, 2 dəfə ölkə kubokunu qazanan, Avropa Liqasının qrup mərhələsinə yüksələn heyətdə olan serbiyalı müdafiəçi təkcə qapıçı keyfiyyətləri ilə yox, insani xüsusiyyətləri ilə də insanların rəğbətini qazanmağı bacarmışdı.

Elə buna görə də Stamenkoviç soyadı hələ də “Neftçi” fanatlarının dilində gəzir, ona olan sevgi tükənmir.

Sportinfo.az-ın bu dəfəki legioner müsahibi haqqında bəhs etdiyimiz Saşa Stamenkoviçdir.

- 2011-ci ilin yayında “Neftçi”yə keçidini xatırlayaq. Həmin vaxt Serbiyanın iki nəhəngindən biri – “Srvena Zvezda”nın şərəfini qoruyurdun və Avropa nəhənglərinin diqqətini çəkmək şansın az deyildi. Karyeranı Azərbaycanda davam etdirməklə bağlı verdiyin qərar riskli deyildi?

- Açığı, həmin vaxt Azərbaycan futbolu haqda geniş məlumata sahib deyildi. Amma bilirdim ki, “Neftçi” ölkənin ən yaşlı klubudur, son mövsümü çempion olub, Çempionlar Liqasında oynayacaq, güclü azarkeş dəstəyi var, paytaxtı təmsil edir və sair. Məqsədim komandanın gücünə güc qatmaq, fanatları sevindirmək və uğurlara imza atmaq idi ki, bunu da bacardıq. Həmin vaxt verdiyim qərara görə qətiyyən peşman deyiləm. Vaxtı geriyə qaytarmaq mümkün olsaydı, yenə həmin qərarı verərdim.

- “Neftçi”də sənin üçün nə deməkdir? Karyeranda hansı yeri tutur?

- “Neftçi”də çempion olmağım, ardınca Avropa Liqasında qrup mərhələsinə yüksəlməyimiz təkcə Azərbaycanda yox, Avropada, hətta Serbiyada səs-küyə səbəb olmuşdu. Üstündən neçə il keçib? 10-11 il, düzdür? Bu gün də Serbiyada bəzi avarkeşlər mənimlə söhbətdə “Neftçi” barədə soruşur, uğurların sirləri ilə maraqlanır. Bundan gözəl nə ola bilər ki?! “Neftçi” mənim üçün izah edilməsi mümkünsüz olan çox şey deməkdir.

- “Neftçi” azarkeşləri futbolçuları dəstəkləyirdi. Sənə isə xüsusi sevgi vardı. Hətta bu günə qədər adın dillərində gəzir. Nə idi bu sevginin səbəbi?

- Sağ olsunlar, hər birinə təşəkkür edirəm. Çünki kluba, ağ-qara rənglərə olan istəyimi görürdülər. Mənim üçün kürəyimdə daşıdığım ad-soyad yox, ürəyimə yaxın yerdə dayanan gerb, emblem önəmli idi. Mən həmin emblemi uca tutmaq üçün meydana çıxırdım. Azarkeşlərimiz həmişə möhtəşəm olub. Sizi inandırım, onların dəstəyi olmasaydı, bəlkə də biz uğurlara imza ata bilməzdik. “Neftçi”də çox qapıçılar oynayıb. Amma mən 2 dəfə çempion olub, 2 dəfə ölkə kubokunu qazanan legioner qapıçı kimi tarixə düşməyi bacardım. Və buna görə bizə dəstək verən hər kəsə təşəkkür edirəm.

- Rəhmətlik Böyükağa Hacıyevin sevimli futbolçularından idin. Hətta bir dəfə iki dost arasında ola biləcək zarafatınızın şahidi olmuşdum. Hacıyevlə bağlı yadında qalan maraqlı hadisələrdən birini danışa bilərsən?

- Allah Böyükağa Hacıyevə rəhmət eləsin! O, dahi məşqçi və çox güclü psixoloq idi. Təəssüf ki, amansız xəstəlik ona yaşamağa və Azərbaycan futbolunda daha çox uğur qazanmağa imkan vermədi. Maraqlı hadisələr çoxdur. Amma indi onlar barədə danışmaq istəmirəm. Bir onu deyə bilərəm ki, Böyükağa müəllim komandadakı atmosferin üzərində çox işləyirdi. Onun üçün vacib olan daxildəki ab-havanın qaydasında olmasıydı. Kiminsə əhvalı olmayanda dərhal bilirdi, hiss edirdi. O cür güclü futbolçuların toplaşdığı komandada məhz onun kimi psixoloqa ehtiyac var idi. Heyf, dünyadan tez köçdü.

- Səninlə bağlı heç vaxt unudulmayacaq hadisə “Neftçi” formasında həmyerlinlə yaşadığın qalmaqal idi. İndi həmin futbolçu Avropanın tanınmış futbolçularından hesab olunur.

- ... (gülür)

- Aleksand Mitroviçlə münaqişə yaşamağına nə səbəb olmuşdu?

- Elə bir ciddi səbəb də yox idi. O vaxt ikimiz də cavan və çılğın idik. Meydanda özümüzü göstərməyə çalışırdıq. Bir anlıq emosiyalar idi, yaşandı, bitdi.

- O vaxtdan sonra görüşmüsünüz? Hazırda münasibətləriniz necədir?

- Açığı, görüşməyimizi xatırlamıram. 10 il əvvəl olmuş hadisədi, yaşandı və meydanda qaldı. Bu gün həmin vəziyyət yaransa, nə o, nə də mən o cür davranarıq. Nə qədər özümüzdən çıxsaq da, başqa çıxış yolu taparıq. Mən ondan yaşca böyüyəm, o isə Serbiya tarixində millidə ən çox qol vuran futbolçudur. Bir-birimizə hörmətlə yanaşmalıyıq.

- “Neftçi”nin qapısını qoruduğun dönəmdə ölkədə ən səviyyəli qapıçı hesab olunurdun. Maraqlıdır, “Xəzər Lənkəran”, “Bakı”, “İnter”, “Qarabağ” kimi klublar səni heyətində görmək üçün addım atmışdı?

- “Xəzər Lənkəran”la kubokda qalmaqallı final matçımızdan sonra adını çəkmək istəmədiyim klublardan biri xəbər göndərmişdi. Lakin təklifə isti yanaşmamışdım. Açığı, heç müzakirə belə etməmişdim. Ağ-qara rənglərə və möhtəşəm azarkeşlərə arxa çevirə bilməzdim.

- “Neftçi”nin ovaxtkı uğurlarının əsas sirri nədə idi? Rəhbərliyin düzgün futbol siyasətində, yoxsa heyətin güclü olmasında?

- (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti