Rövnəq Abdullayev klublardan kömək istədi, aldığı cavaba güldü

3 Avqust 2022 15:00 Milli komanda 2 159
Rövnəq Abdullayev klublardan kömək istədi, aldığı cavaba güldü

Avqustun 5-də Türkiyənin Konya şəhərində V İslam Həmrəylik Oyunları start götürəcək.

Ayın 9-da yarışın açılış, 18-də isə bağlanış mərasimi keçiriləcək.

İslamiadada Azərbaycanın futbol üzrə U-23 yığması da iştirak edəcək. Millimiz B qrupunda İran, Səudiyyə Ərəbistanı və Mərakeş ilə üz-üzə gələcək.

U-21-in U-23 adıyla Konyaya yollanması Premyer Liqanın əksər klublarının öz futbolçularını Samir Əliyevin sərəncamına verməkdən imtina etməsi ilə bağlıdır.

Elita təmsilçiləri həm avrokubokları, həm də ölkədaxili çempionatın başlamasını əsas gətirərək, Əliyevin adını siyahıya saldığı oyunçuları buraxmağı lazım bilməyib.

Bununla bağlı AFFA-da toplantı keçirilib. Premyer Liqa təmsilçilərini başına toplayan federasiya prezidenti Rövnəq Abdullayev İslamiadada uğurlu çıxış etmək istədiklərini bildirib.

O, klubların sıx qrafik üzündən milliyə ciddi şəkildə yardımçı ola bilməməsini təəssüf hissi ilə qarşılayıb. Bu zaman klub funksionerlərindən biri Abdullayevə üzləşdikləri problemi söyləyib:

«Samir Əliyev bizdən tək qapıçı mövqeyinə 3 nəfəri istəyib. Mən üç qapıçımızı da ona verim, bəs komandamız Premyer Liqada oyuna kiminlə çıxsın? Qapıçısız oynayaq?».

Rövnəq Abdullayev eşitdiyi reaksiyaya cavab verməyib, gülməklə söhbətin üstündən keçib.

Bu gün bir araya gələn komanda avqustun 4-dək Milli Komandaların Məşq Mərkəzində – Mərdəkanda təlim-məşq toplanışında olacaq.

Ayın 5-də Konya şəhərinə yola düşəcək heyəti diqqətinizə çatdırırıq:

Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Sahib Həsənov (“Şamaxı”), Rüstəm Samiqullin (“Sabah”)

Müdafiəçilər: David Orucov, Nihad Qurbanlı (hər ikisi “Neftçi”), Cəlal Hüseynov (“Zirə”), Şirxan Həsənzadə (“Qarabağ”), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Şamaxı”), İbrahim Ramazanov (“Qəbələ”)

Yarımmüdafiəçilər: Ədilxan Qarəhmədov, Vüsal Qənbərov, Samir Abdullayev(hamısı “Səbail”), Ramin Nəsirli (“Neftçi”), Veysəl Rzayev, Nazim Həsənzadə (hər ikisi “Turan Tovuz”), Camal Cəfərov (“Sabah”), Samir Məhərrəmli (“Kəpəz”), Murad Xaçayev, Rüfət Abdullazadə (hər ikisi “Sumqayıt”), İsmayıl İbrahimli (“Qarabağ”)

Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”), Mehrac Baxşəli (“Qəbələ”)

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti