"Klubları "baltalamaq" istəmirəm, zamanında hamısını deyəcəm"

14 İyul 2022 00:40 Milli komanda 1 250
"Klubları "baltalamaq" istəmirəm, zamanında hamısını deyəcəm"

Sportinfo.az Azərbaycanı Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək 23 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Samir Əliyevin müsahibəsini təqdim edir:

- Gənclər və idman naziri Fərid Qayıbovla görüşdə iştirak etmisiniz. Toplantıda V İslam Həmrəyliyi Oyunları ilə bağlı hansı məsələlər müzakirə olundu?

- Burada tək bizim komandadan söhbət getmirdi, İslamiadaya hazırlıqdan danışıldı. Yəni, bütün idman növlərinə aid olan iclas idi. Komandaların Türkiyənin Konya şəhərinə necə gedəcəkləri barədə söhbət oldu. Bütün idman federasiyaları, məşqçilər, rəhbər şəxslər görüşə qatılmışdı. Əsasən təşkilatı işlərlə bağlı olan məsələlər idi.

- Yığmanın İslamiada ilə bağlı proqramı və heyəti bəllidirmi?

- Avqustun 1-də yığışmağı planlaşdırırıq. B qrupundakı ilk görüşümüz avqustun 8-də İrana qarşı olacaq. Amma hansı heyətlə yarışa yollanacağımız bəlli deyil. Yığışa bilmirik, çünki klublarımız avrokuboklarda mübarizə aparır. "Qarabağ" Çempionlar Liqasında Polşa "Lex"ini mübarizədən kənarlaşdıraraq mərhələ adladı, iyulun 21-də isə 3 klubumuz Konfrans Liqasında ilk oyunlarını keçirəcək. Futbolçularımızın əksəriyyəti həmin klublarda çıxış edir. Avqustun 5-də Azərbaycan Premyer Liqası start götürür. Digər klublar da çempionata hazırlaşır. Bu səbəbdən, uşaqları bir yerə yığıb təlim-məşq toplanışı keçə bilmirik. İslamiada bizə uyğun vaxtda deyil. Bu, sırf futbola aiddir. Bəlkə də başqa idman növləri üçün əlverişli vaxtdır. Amma bizim üçün əlverişsizdir.

- Heyətlə bağlı klublara müraciət etmisiniz?
- Hansısa klubumuz Konfrans Liqasında mərhələ keçsə, onlardan futbolçu götürmək qəliz olacaq. Çünki onların da öz hədəfləri və məqsədləri var, ilboyu əziyyət çəkirlər. Avqustun əvvəllərində millli çempionat başlayır. İslamiadada qrup oyunları ən azı avqustun 12-dək davam edəcək. Qrupdan çıxandan sonra avqustun 14-də və 16-da oyunlar olacaq. Belə olacağı təqdirdə, klublardan götürdüyümüz oyunçular ən azı iki turu buraxacaqlar. Klublarla müəyyən problemlərimiz var.

- Deməli, hədəflər barədə danışmaq da çətindir...
- Çox şey bəlli deyil. Belə vəziyyətdə hansısa hədəflərdən və nəticələrdən danışmaq düzgün deyil.

- B qrupunda İran, Səudiyyə Ərəbistanı və Mərakeşlə üz-üzə gələcəksiniz. Rəqibləri təhlil etmisinizmi?
- Mərakeş haqqında məlumatımız yoxdur. İran və Səudiyyə Ərəbistanının formalaşmış hazır komandaları var. Bir ay əvvəl 23 yaşadək futbolçular arasında Asiya Kuboku keçirilib. Amma bizdə U-23 komandası yoxdur. Belə ölkələrdə U-22 və U-23 yığmaları mövcuddur. Bizdə komandanın adı U-23 olacaq. Belə getsə, cavanlardan, 19 və 20 yaşlı uşaqlardan kimləri götürə bilsək, yarışa yollanacağıq. Gözləyək, görək hansı klublar bizə futbolçular verəcək? Hazırda geniş açıqlama verə bilmirəm. İyulun axırı - avqustun əvvəllərində bir çox suallara aydınlıq gələcək.

- Heyətə ümumiyyətlə, futbolçu daxil edə bilməmisiniz?
- Hələlik 3-5 nəfər bəllidir. Hamısı ilə yox, bəzi klub rəhbərləri, məşqçiləri ilə görüşüm olub. Federasiya olaraq da klublara rəsmi məktublar ünvanlanıb. Klublar var ki, bu məsələyə çox soyuq yanaşıblar. Hətta avrokuboklarda oynamayan klublar var ki, futbolçu verməkdən imtina edir. Gülməli bəhanələri var ki, kadr çatışmazlığı mövcuddur və futbolçularımız yoxdur. Belə problemlərimiz var.

- Futbolçu vermək istəməyən klubun adını açıqlaya bilərsinizmi?
- Çox ətraflı danışmaq istəmirəm. Avqustun əvvəlində ətraflı danışıb, bütün məlumatları verə bilərəm. Avrokuboklarda çıxış edən klubları başa düşmək olar. Onlar beynəlxalq arenadakı matçlara hazırlaşırlar. Amma bəzi klublar var ki, soyuq yanaşılar. Cavab olaraq məktub göndəriblər ki, biz futbolçuları buraxa bilmərik. Hansılar ki, komandada oynamır. Klubun hara hazırlaşdığı və məqsədləri də bəlli deyil. Hamı uğurlu çıxış etmək istəyir. Amma yığmanı da düşünmək lazımdır. Kimlər bu ölkənin uğurunu istəyir, can yandırır, hamısı bəlli olacaq. Yenə deyirəm, avrokuboklarda çıxış edənləri başa düşmək olar. Amma elə klublar var ki, problemlərlə üzləşirik. Bir tərəfdən onları da qınamıram. Mövsümə uğurlu başlamaq istəyirlər. Çempionat uzun marafondur. 1-2 oyunçunu milliyə buraxmaqla heç nə olmaz. Çox baltalamaq istəmirəm. Zamanı gələndə hamısını deyəcəyəm.

- Reqlamentə əsasən İslam Həmrəyliyi Oyunlarına 3 sərbəst yaşa malik futbolçular da qatıla bilər. Həmin oyunçuları da müəyyənləşdirməmisiniz?
- Sərbəst yaşa malik oyunçu götürmək istəyirsənsə, ən yaxşılarını seçməlisən. Digərlərindən təcrübəli olmalıdır və komandanı arxası ilə daşımalıdır. Onlardan ibarət də siyahı tərtib etmişik. Klublarla danışığımız davam edir. Bəzi mövqelər var ki, orada futbolçumuz yoxdur. Həmin mövqelərə təcrübəli oyunçuları düşünürük. Klublarımızın yekun qərarını gözləyirik.

- Təcrübəli oyunçulardan da imtina edənlər olub?
- Hələlik tam "yox" deyən olmayıb. Qarşıda avrokuboklar var. Bütün komandalarımıza uğurlar arzulayıram. Təki hamısı mərhələ keçsin. Amma can-başla futbolçu verməyə hazır olan klublar da var. Bunu da deməliyəm. Yəqin ki, AFFA da köməklik göstərəcək. Burada hamı əlbir olmalıdır ki, biz ölkəmizin adına layiq çıxış edək. Hər kəs yaxasını qırağa çəksə, biz əziyyət çəkəcəyik. Onsuz da əziyyət çəkirik. Təlim-məşq toplanışı keçməmiş, yoldaşlıq görüşü oynamadan 3-4 gün məşqlə oyuna çıxacağıq. İslamiada pis vaxta düşüb. Bakı-2017 mayda gerçəkləşdiyi üçün bizə rahat idi. Həmin vaxt avrokuboklar yox idi, klublar çempionata hazırlaşmırdı və mövsümün sonu idi. Hazırda isə mövsümün əvvəlidir, üstəlik, klublar da avrokuboklara hazırlaşır deyə, oyunçuları bir araya gətirə bilməmişik. İnanıram ki, bütün çətinliklərin öhdəsindən gəlib ölkəmizi layiqincə təmsil edəcəyik.

- Nazirlə görüşdə bu problemləri qabartmadınız?
- Belə söhbətimiz olub. Cənab nazirin də xəbəri var. Orada sadəcə, klubların oyunçuları buraxmadığını qeyd etmədik. Amma İslamiadanın pis vaxta təsadüf etdiyini, təmsilçilərimizin avrokuboklarda mübarizə apardığını söylədik. Klublara da bu gün təzyiq etmək bir az düzgün deyil. Yəqin ki, bu kimi məsələlər həllini tapacaq. Hamını olmasa da, istədiyimiz bəzi oyunçuları götürəcəyik (report).

Digər Xəbərlər
Xəbər Lenti