“Bu cür komandam olduğuna görə fəxr edirəm”

6 İyul 2022 11:20 Milli komanda 895
“Bu cür komandam olduğuna görə fəxr edirəm”

Sportinfo.az çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalovun müsahibəsini təqdim edir:

- Millimizin turnirdəki çıxışını necə dəyərləndirərdiniz?

- Yaxşı təşkil olunmuş turnir idi. Güclü komandalar gəlmişdi turnirə. Təşkilatçılıq da yüksək səviyyədəydi. Əlimizdən gələni etdik ki, ən yaxşı şəkildə çıxış edək.

- U-21 yığması yaradılıb. Bunun A milliyə faydası nə vaxt özünü göstərəcək?

- Faydaları çox böyük ola bilər. Hazırda orada məşqlər də davam edir. Renat Sultanov və Asif Zeynalov uşaqlarla işləyir. Orada 2-3 futbolçu var ki, artıq onları gözaltı etmişik. Yəni, yavaş-yavaş A milliyə cəlb etmək niyyətimiz var. Bu mənada, U-21 yığmamızın məşqləri davam etsə, bizim üçün çox böyük kömək olardı.

- Adlarını çəkdiyiniz məşqçilər millidə futbolçularınız idi. Komandanız demək olar ki, yenilənib. Hazırki heyətdən gözləntiləriniz nə qədərdi və bu komandanın tam formalaşması üçün nə qədər vaxt lazımdı?

- Bəli, komandamız yenidi. İkinci dördülüyün hamısı yenidi, sadəcə ilk dördlü köhnə uçaqlardı. Komandadan çox razıyam. Yeni komanda ilə o cür nəticə vermək Azərbaycan futbolu üçün böyük qələbədi. Çünki birinci rəsmi oyunları idi. Hamı özlərini ən yaxşı tərəfdən göstərdilər. Onlara təşəkkürümü bildirirəm.

- İtaliyanı çıxmaq şərtilə İspaniya və Almaniyaya qarşı yüksək səviyyəli oyun göstərdi. Demək olar ki, İtaliyaya qarşı matç ilk idi deyə, belə oldu?

- İtaliya oyununu çıxmaq şərtilə, digər oyunları yüksək səviyyədə oynadıq. Uşaqlar təzədi, beynəlxalq təcrübənin olmaması özünü göstərdi. Bu uşaqlar belə turnirlərdə inkişaf edəcək. Daha çox beynəlxalq turnirlərdə iştirak etməliyik. Oyun tərəfdən problemlərimiz olur. Birinci oyuna baxırsan, uşaqlar məşqdə etdiklərimizin heç birini həyata keçirə bilmirlər, sıxılırlar, çəkinirlər, tələskənlik var. Amma oynadıqca gördüm ki, komanda açılışır, nə istəyir hamısını edə bilirik. Hətta İspaniya kimi rəqiblə oyunda, bəlkə də hakimlər onlara kömək olmasaydı, qalib gələcəkdik. Çünki İspaniya dayanmışdı, meydanda təkcə Azərbaycan millisi var idi. Biz oynayırdıq, ispanlar baxırdı. İspaniya kimi komandaya qarşı top saxlayırdıq. Özləri də şokdaydı ki, belə ola bilməz. Almaniyaya qarşı da həmçinin. Əsas məsələ də təcrübəsizlikdi.

- İtaliyada Superfinal oyunları var. Həmin görüşlərdən nə gözləyirsiz?

- Avroliqanın bir oyunu qalıb, o da İtaliyada Ukrayna ilə qarşılaşacağıq. Onları məğlub etsək “altılıq”da olacağıq. Ondan sonra da digər turnirlər başlayacaq. Var gücümüzlə çalışacağıq ki, Ukraynaya qalib gələk və “altılığ”a düşək, Azərbaycanın səsi ən yüksəklərdən gəlsin. Fikrimiz-zikrimiz odur. Çalışırıq ki, yoxlama oyunları olsun. Ukrayna oyununu düşünürük hazırda. Daha sonra digər matçları düşünəcəyik.

- Milli komanda kimi tarixdə ilk dəfə Almaniyanı məğlub etdik. Bununla bağlı nə deyə bilərsiniz?

- Əlbəttə ki, qüruruverici hisslərdi. Qələbə həmişə sevindiricidi, fəxr edirsən. Əsasən də futbol ölkələri olan komandaları məğlub edəndə, qələbə qüruruverici olur. Bu cür komandam olduğuna görə fəxr edirəm (newsport.az).

Digər Xəbərlər
Xəbər Lenti