Millidən ayrıldı, AFFA-nı tənqid etdi: ”Soruşdum ki, niyə belə edirsən?”

25 İyun 16:20 Milli komanda 789
Millidən ayrıldı, AFFA-nı tənqid etdi: ”Soruşdum ki, niyə belə edirsən?”

Azərbaycanın U-21 millsinin baş məşqçisi vəzifəsindən ayrılan Milan Obradoviç əsas millinin baş məşqçisi Canni de Byazidən narazılıq ifadə edib.

Sportinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis “Futbol+” qəzetinə verdiyi müsahibədə U-21-ə faydalı olacaq oyunçuların A milliyə dəvət olunduqları halda orada oynadılmadığını deyib:

“Nəticə qazanmaq işimin bir hissəsidir. Yəni ancaq qələbə qazanmaq haqda düşünmürdüm. Gənc futbolçuların yetişdirilməsi əsas məqsədim idi. Əsas yığma komanda üçün onlar mənim rəhbərliyim altında təcrübə yığmalıydılar.

İndi gəlin baxaq! Görək nə qədər futbolçu əsas yığmaya dəvət alıb. Hamısı bizim üçün vacib oyunçular olub. Maraqlı məqam burda idi ki, bir çoxları lazımsız yerə əsas yığmaya çağrılıblar. Yəni oynadılmayıblar.

Mən xoşbəxtəm ki, Cəlal yığmanın üç oyununda meydanda oldu. Lakin Toral lazım deyildisə, nə üçün əsas yığmanın düşərgəsinə yollanırdı? O futbolçunun potensialından istifadə edə bilərdim. Rüstəm Əhmədzadə fantastik oyunçudur, son üç oyunda səviyyəsini göstərmiş oldu. Lakin bundan əvvəlki toplanışda əsas yığmaya lazım olduğu deyilsə də, heç oynadılmadı. Nə üçün? Belə şeylər nəticə qazanmağıma mane olur. Təbii ki, nəticə qazanmağı hamı istəyir. Mən də onlardan biri. Lakin əsas heyət üzvləri milli komandaya gedirsə, necə nəticə əldə edəsən?! Hansı ki, həmin adamlardan istifadə olunmur. Hər dəfə bunun səbəbini soruşmuşam, AFFA rəhbərliyinə narazılığımı bildirmişəm. Hətta əsas yığmanın baş məşqçisindən soruşmuşam ki, nə üçün belə edirsən? Həmişə deyib ki, onlara ehtiyacım var. Bəs niyə meydana çıxmırlar? Onları başqa ölkələrə əsas milli ilə birgə azarkeş kimi aparırdılar? Hansı daha yaxşıdı - U-21-in heyətində meydanda olmaq, yoxsa milli komandanın görüşünə ehtiyat oyunçular skamyasından tamaşa etmək?

Başqa ölkələrdə bu fərqli olur. Məsələn, “Real”ın ulduzu Kamavinqa U-21-in heyətində Serbiyaya qarşı meydanda idi. Çempionlar Liqasının qalibi olmuş futbolçudan söhbət gedir. Bu Fransada belə tənzimlənir, amma Azərbaycanda yox. Hətta “Real”ın üzvü əsas yığmaya lazım olmursa, U-21-də çıxış etməlidir. Bu, normal durumdur. İndi mənim sualıma cavab verin. Nə üçün? Oynatmayacaqsan, niyə əsas yığmaya çağırırsan? Sənin lazımsız saydığın futbolçu mənim komandamın əsas üzvüdür. Bəli, mənim üçün nəticə önəmli deyildi. Nəticə futbolçularımın daha da inkişaf etməsinə təkan olacaqdı. Estoniya üzərində qələbə qazana bilirik. Amma Fransaya 1:2 hesabı ilə uduzmaq da nəticə qazanmaqdı. Çünki onlar Azərbaycan futbolundan çox uzaqdadırlar. Ümid edirəm ki, indi başa düşürsüz nə üçün nəticə qazanmağın o qədər də önəmli olmadığını söyləyirdim. Peşəkar futbolçunu “milliləşdirmək” olur. Gənc oyunçunu isə yetişdirməlisən. Akademiyalarla birgə çalışmalısan. Onlara nəzarət etməlisən. Gəncləri həm texniki, həm taktiki, həm də psixoloji cəhətdən hazırlamalısan ki, inkişaf etsinlər. Amma ölkədə tək-tük akademiya normal fəaliyyət göstərir. Bu halda gənc futbolçuların yetişdirilməsi də çətindi, nəticə vermək də”.

M.Abrodoviç AFFA-nın Premyer Liqada 21 yaş limitini ləğv etməsini tənqid edib:

“Açığı, millidə işimi davam etdirsəydim, çox çətin olacaqdı. Çünki Premyer Liqada 21 yaşadək futbolçu limiti ləğv olundu. Əvvəllər çempionatda çıxış edən hər komandada bir futbolçum var idisə, indi onları itirəcəkdim. Siz və başqa jurnalistlər, ümumiyyətlə, hamı limit məsələsi ilə bağlı mövqeyimi bilirdi. Öz komandasında oynayıb-oynamamasından asılı olmayaraq, bütün futbolçular yığmada döyüşürdü. Mübariz bir kollektiv formalaşdırmışdım. Onlardan istədiyimi ala bilirdim. Bəzi insanların istəyi ilə limtin dəyişdirilməsi o qədər də doğru deyil. Başa düşürəm, klublar bunu tələb edib. Bunda problem yoxdur. O zaman yığmanın inkişafı üçün nələrsə edilməliydi. Məsələn, 21 və 19 yaşlı futbolçulardan ibarət komanda yaradıb, Premyer Liqada oynatmaq olardı. Bu komanda 1-ci divizionda da çıxış edə bilərdi. Çempionatın fərqi yoxdur. Amma bu futbolçular hər gün bir yerdə məşq edəcək, bir-birinə uyğunlaşacaqdı. Bunu uyğun da yaxşı nəticələrimiz olacaqdı. Hansı ki, “Sumqayıt” bu addımı atmışdı. Onlar ancaq azərbaycanlı futbolçulardan ibarət komanda qurmuşdu. Belə bir klub formalaşdırmaq asan idi. Bu həm mənim, həm federasiyanın, həm də Azərbaycan futbolunun xeyrinə olacaqdı.

Mən bunu AFFA rəsmilərinə təklif etdim. Bəziləri qəbul etdilər, bəziləri narazılıq etdilər. Yekunda qərar limitin dəyişdirilməsi oldu. Lakin bu, Azərbaycan futbolunun gələcəyi üçün təhlükəlidir. Gəlin, səmimi olaq. Yeni qərara görə 4 yerli futbolçu əsas heyətdə oynamalıdır. Hansı klub 21 yaşadək futbolçunun əsas komandada oynamasına icazə verəcək? Əminliklə deyə bilərəm ki, heç kim. Gülməli durumdur. Bilirsiz, AFFA klublardan daim xahiş edir ki, gənc futbolçulara şərait yaradın. Hansı klub limitdən başqa 21 yaşadək oyunçunu meydana öz istəyi ilə buraxıb? Mənim olduğum dönəmdə belə şeylərlə mübarizə aparırdıq. Kimsə baş məşqçilərin gənc futbolçulara şans verəcəyinə inanmağımı gözləməsin.

Bir-iki oyunda uduzandan sonra azarkeşlər ondan nəticə tələb edəcək. Baş məşqçi də məcbur olub, gənc futbolçunun yerinə təcrübəlini oynadacaq. Bu durum olduqca sadədir”.

Digər Xəbərlər
Xəbər Lenti