Azərbaycan yığmasında yeni çalışdırıcı: SON DƏQİQƏ XƏBƏRİ

21 İyun 16:40 Milli komanda 3 826
Azərbaycan yığmasında yeni çalışdırıcı: SON DƏQİQƏ XƏBƏRİ

21 yaşadək futbolçulardan ibarət yığmanın yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

Bu haqda AFFA-dan saytımıza məlumat daxil olub.

Federasiyadan verilən informasiyaya görə, komanda Samir Əliyevə tapşırılıb. U-19-un sabiq çalışdırıcısı yaxın günlərdə yeni işinin icrasına başlayacaq.

Bu gün AFFA millinin baş məşqçisi Milan Obradoviçlə yolları ayırıb.

Federasiya onunla müqaviləni yeniləməyib və U-21-dəki fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

AFFA-nın yaydığı xəbərdə komandanın baş məşqçisi vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.

Milan Obradoviç “Futbol+” qəzetinə açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşdüklərini və razılığın əldə olunmadığını bildirib:

“Saat 17.00-da federasiyanın binasında iclas oldu. Sərxan Hacıyevlə 21 yaşadək futbolçulardan ibarət millinin nəticələrini müzakirə etdik.

Yeni təklif oldu. Lakin şərtlər imtina etməyimə səbəb oldu. Buna görə razılığa gələ bilmədik. Yığmaya gələcəkdə uğurlar arzu edirəm”.

Obradoviçin söylədikləri saytımızın dünən yaydığı xəbərin təsdiqidir (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/142834.html).

Bildirmişdik ki, AFFA 2019-cu ildən yığmanı çalışdıran serbiyalıya 2 illik yeni müqavilə təklif edib.

U-21 onun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edib. Komandamız qrupu 7 xalla 5-ci sırada bitirib və bu nəticə ilə yalnız Estoniyanı qabaqlayıb.

Obradoviçi AFFA-dan razı salmayan məqamlar maliyyə ilə bağlıdır. Belə ki, federasiya balkanlı mütəxəssisə əvvəlkindən aşağı şərtlərlə qalmağı təklif edib.

Maraq üçün yada salaq ki, Obradoviç ilk mövsümündə ilinə 350 min dollar qazanıb.

Daha sonra yığmanı AVRO-2023-ün seçmə mərhələsinə hazırlamaq üçün ona 250 min dollar ödənilib. Bu dəfə isə rəqəm 200 min dollardan aşağı olub və o, “yox” cavabı verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?