
"Ötən il Premyer Liqada 8 klub var idi, növbəti mövsümdən isə 10 klub olacaq. Bundan başqa isə ölkədə yalnız bir liqa var.
Oradakı 13 komandadan 8-i Premyer Liqa klublarının ikinci komandalarıdır. Azərbaycan futbola o qədər də maraq göstərən ölkə deyil. B
urada fərdi idman növləri ön plandadır ki, onların həqiqətən də qibtə olunası nəticələri var. Xüsusən də böyük ənənələri olan boks, güləş kimi döyüş növləri. İnsanlar futbolu sevirlər, lakin onlar Serbiyada və ya Yunanıstandakı qədər maraqlanmırlar".
Bu fikirlər 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Miloş Velebitə məxsusdur. O, Serbiya mətbuatına açıqlamasında yuxarıdakı fikirləri dilə gətirib.
Adama nə danışıbsa, yalan danışıb, amma bir istisna xaric. Başlayaq yalanından, istisnanı sona saxlayaq.
Serbiyalı da, deyəsən, sələfləri kimi oturub paytaxtda, xırda-xırda pulunu yığmaqla məşğuldur. Arada burnunu yuxarı qaldırıb, ətrafa boylanıb yaşadığı, qazandığı, taladığı ölkənin futbolunun dünəninə baxmır ki, görə nə var, nə də yox.
Öz aləmində liqalardakı komanda saylarını göstərməklə bunun ölkədə futbola az maraq olması ilə əlaqələndirib. Amma bircə dəfə "ququl"da axtarış verib ölkə çempionatının arxivinə baxmayıb. Baxsa bilərdi ki, 92-93-cü illər müharibə dövründə, yeni müstəqllik əldə edildiyi zaman bu ölkənin təkcə yüksək liqasında 26 komanda çıxış edib.
Çox uzaq tarixi də qoyaq kənara. Elə 2004-2005 mövsümündə bu ölkənin yüksək liqasında 18 komanda çıxış edirdi. İkinci liqası indiki Premyer Liqa kimi maraqlı idi. Tribunalarda isə əksər oyunlar azarkeş əlindən yer olmazdı. Bu, futbolu sevmək deyil, bəs nədir?
Hə, indi niyə cəmi 23 komanda var və onun da 8-i əvəzedici komanda? Maraqlı sualdı, ancaq cavabsız deyil. Cavabı isə oturduğun binadakı rəsmilərdə axtar.
Düz danışdığın istisna isə sondakı bu cümlədir - "İnsanlar futbolu sevirlər, lakin..."
Lakindən sonrasını mən deyim, sən də bil. Lakin sevdikləri, əsl futbol Azərbaycanda yoxdur. Sənin kimi əcnəbiləri illərdi ölkəmizə dolduran AFFA rəsmiləri futbolun "f"sın da bu ölkədə saxlamayıb. Futbol deyilən məhvum hər keçən gün ölkədə məhv edilir. Futbolu sevənlər də futbol görmürlər ki, sevdikləri futbola könül versinlər. Yoxun nəyini maraq göstərsinlər?
XANOĞLAN İMANOV