"Xankəndidə futbol var, gedək?" - Beynimizə, ürəyimizə axan o inanılmaz cümlə...

28 Dekabr 2023 08:40 Hadisə 10 084
"Xankəndidə futbol var,  gedək?" - Beynimizə, ürəyimizə axan o inanılmaz cümlə...

Düz 1991-ci il dekabrın 26-28-dən bu ilin sentyabrına qədər Xankəndi şəhəri və ətraf ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından yana-yana qovrula -qovrula yazdıq.

Ona görə yanıb qovrulurduq ki, Pənahəli xan kimi böyük bir sərkərdənin ,tarixi şəxsiyyətin istirahət düşərgəsi olan, xanın ailəsi və yaxınlarının yaşadığı "Xanın kəndi" (Xankəndi) - tarixi bir yurd yerimizə Stepanakert adı verldikdən sonra da işğal olundu.

Həm də işğal xüsusi amansızlıqla həyata keçirildi, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçdi.

Yadımdan çıxmamış deyim ki, Xankəndinin işğalı Kərkicahan qəsəbəsinin işğalı ilə başlanıldı. Vandal ermənilər işğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırıdılar.

İşğal nəticəsində 34 nəfər şəhid oldu, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. Dağlar arasındakı bu cənnət necə oldu ki, ermənilərin tamah dişinə tuş gəldi.


Rusiya 1803-cü ildən başlayaraq Azərbaycan ərazilərini zəbr etməyə başladı və 1813-cü ildə bu zəbt prosesi başa çatdı. 1813-28-ci illərdə isə 2-ci əsas prosesi başlatdı. İran, İraq, Türkiyə və Yaxın Şərq ölkələrində nə qədər erməni vardısa, Azərbaycan torpaqlarına köçürdü. Qarabağın taleyinə də o mənhus köçdən pay düşdü. Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov söhbətimiz əsnasında bildirdi ki, 1920-ci ilə qədər Xankəndi şəhərində bir nəfər olsun belə erməni millətindən olan insan və ya insanlar yaşamayıblar:

"Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret qəbul etdi. Həmin dekretə əsasən Xankəndi DQMV-in mərkəzi (baş şəhəri) elan olundu. 1923-cü il sentyabrın birində bu şəhər 26 Bakı Komissarları Sovetinin başçısı, daşnak, əli çoxsaylı azərbaycanlıların qanına batmış Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı".

Beləliklə, elə həmin gündən Xankəndi bizdən zərrə-zərrə ayrılaraq stepakertləşdirildi. 1991-ci ilin 26-28 dekabrından sonra isə tamamilə alındı. Düz 32 il əlimiz o yurdumuza uzanıqlı qaldı.

Nəhayət, 2023-cü il oktyabrın 15–də Azərbaycan Ordusunun rəşadəti uzanıqlı əllərimizi tam və qəti qələbəni alqışlamağa sövq etdi! Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Ağdərədə, Xocalıda və Xankəndidə qaldıraraq xalqımıza 32 il səbirlə gözlənilən ən böyük müjdəni verdi.

Bu gün isə Azərbaycanda son 32 ilin ilk hadisəsi baş verir. Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda baş tutacaq “Qarabağ” - MOİK oyun hər kəsi bir daha qəlbdən sevindirir.

Xalqımızı gözləri aydın olsun!

P.S. Ürəyi Xankəndidə, stadionda olub, amma "icazəli" portaldan keçməyi mənim kimi bacarmayan, heç həvəs göstərməyən kənardan baxan hər kəsin də gözü aydın olsun! Xankəndidə bir azdan futbol başlayır. Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Qazilərimizə can sağlığı arzulayıram!

Əntiqə Rəşid

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti