Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) yaralıların durumu barədə məlumat verilib.
“Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.
Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar”, - məlumatda qeyd olunub.
Qəzaya düşənlər Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, həmçinin Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacı-Məhərrəmovdur.
Əldə etdiyimiz son informasiyaya görə, PFL prezidentinin hər iki ayağı sınıb. Vitse-prezident onurğa sütunundan ağır zədə alıb.
Yarışların Təşkili və Keçrilməsi Departamentinin rəisi E.Abbasovun da ayaqlarında sınıq aşkarlanıb. İdman direktoru postunu tutan Z.Hacı-Məhərrəmov burun nahiyəsindən ciddi zədə alıb.
Hadisənin hansı şəraitdə baş verməsinə dair müxtəlif fərziyələr mövcuddur. Onlardan ən inandırıcı olan sürücünün bir anlıq yuxulaması və sükana nəzarəti itirməsidir.
SPORTİNFO.AZ

