Ulduz, məşhur “doqquz” və sonsuz sevgi

25 Fevral 02:00 Hadisə 303
Ulduz, məşhur “doqquz” və sonsuz sevgi

Bəlkə də Bakıda onun qədər sevilən, rəğbət qazanan başqa futbolçu olmayıb.

Banişevskini sevirdilər, hörmət bəsləyirdilər və alqışlayırdılar...

Özü də necə?

Top ona çatar-çatmaz stadion uğuldamağa başlayırdı, tamaşaçıların bəlkə də yarısı ayağa qalxaraq sevimli 9 nömrənin rəqib müdafiəçini necə keçəcəyinə şahidlik etməyə hazırlaşırdı...

Top havaya qalxan kimi yenə...

Axı o, meydanda olanda “ikinci mərtəbə” ilə cərimə meydançasına ötürülən topların ünvanı sevimli mərkəz hücumçusuna olurdu. Hava toplarında onunla rəqabətə girmək çətin idi- Banişevski topa tullandısa, başı ilə zərbə endirdisə, rəqib qapısı ağzında hər şey ola bilərdi- qoldan tutmuş ən pis halda künc zərbəsinə, qapıçının böyük ustalığı hesabına təhlükəni sovuşdurmağa qədər...

Rıjıy, Tolik, Banya, Banış...

Azarkeşlər, pərəstişkarları onu bu adlarla çağırır, meydanda mübarizəyə səsləyirdilər.

Banişevskidə heç bir hücumçuda olmayan yüksək start sürəti var idi, o, topa qaçırsa, heç braziliyalı müdafiəçi də ona çata bilməzdi...

O vaxt Ali Sovetin sədri işləyən Məmməd İsgəndərov futbolçuya növbədənkənar şəxsi minik avtomobili verilməsi növbəsi pozulduğuna görə qəbuluna gələn professora belə izah edib: sənin kimi bir elm adamını yetişdirmək mümkündür, amma onun kimi futbol istedadını yox...

Banişevskidən doğrudan da yox idi. Onda futbolçuya lazım olan çox böyük istedad vardı.

Tökmə bədənli, sarışın qıvrım saçlı yaşıl meydanın sehrbazının istedadına hamı heyran idi. Meydanı görmə, oyunu hiss etmə, düzgün mövqe seçmə qabiliyyəti, ən başlıcası, qol duyumu onda çox fərqli idi.

Rusiya, Ukrayna, hətta İngiltərə klubları parlaq istedada malik futbol ulduzunu öz komandalarında görmək istəyirdilər.

İldırım sürəti ilə rəqib meydançasına daxil olaraq müdafiəçiləri çaş-baş salan hücumçunu kim istəməzdi ki?

Topun üstünə ley kimi şığıyaraq onu özünə ram edib çərçivəni dəqiq nişan alan qoleadordan necə imtina edəsən?

Məşhur “Marakana” stadionunda Braziliya yığma komandasının qapısına uzaq məsafədən başı ilə qol vuran, bənzərsiz istedadı ilə “Uembli”də tamaşaçılara həyəcan yaşadan futbol istedadından kim vaz keçərdi?

Amma Banişevski getmədi...

Nə İngiltərəyə, nə də hansısa sovet klubuna...

Doğulduğu Xəzər sahillərini, dəli küləklərin at oynatdığı doğma şəhəri hər yerdən üstün tutdu...

“Neftçi”nin köynəyini heç bir kluba dəyişmədi...

16 yaşında “Neftçi”nin əvəzedici heyətinə gəldi, 1978-ci il oktyabrın 15-də - 32 yaşında paytaxt klubunun tərkibində SSRİ çempionatında “Dnepr”in qapısına 100-cü qolunu vurdu, Kiyev “Dinamo”su ilə növbəti oyun onun üçün son görüş oldu...

Amma kaş ki, aradakı fasilələr, məşqçi və yüksək rütbəli məmurlarla xoşagəlməz davranışı, özünün intizamsızlığı, istedadına qarşı ərköyünlüyü olmayaydı...

Ötən əsrin 60-cı illərinin axırlarında Bakı hava limanında onun vəzifəli məmurun qəzəbinə tuş gələn rəftarı, 1972-ci ildə Avropa çempionatının final oyununda Almaniyaya məğlub olandan sonra futbolçuları asıb-kəsən ittifaqın adlı-sanlı məmuruna kəskin şəkildə dediyi “onda niyə kənardan baxırsan, gəl özün oyna” cavabı...

Onun yığma karyerasına son qoyuldu, həmin vaxt “Neftçi” də güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparırdı.

Apara bilmədi, dəstəni tərk etdi. Amma Banişevski “Neftçi”ni tərk etmədi, ona sadiq qaldı...

Bakılı azarkeşlər onu süfrəyə dəvət etməkdən xoşhal olurdular, hər yerdə ona “yaşıl işıq” yandırırdılar. Futbolçu özü də pivəxanalarda tez-tez görünürdü...

Belə böyük sevgi, hər addımda onu qonaq etmək, qədəh toqquşdurmaq həvəsi Tolikə baha başa gəldi.

SSRİ yığma komandasının baş məşqçisi İqor Netto “10 nəfərlə oynamaq istəmədiyini” demişdi.

Doğrudur, Banişevski topu itirəndən sonra rəqibin hücumlarının qarşısını almağa, onların oyununa mane olmağa çalışan futbolçu deyildi, bəzi məşqçilərin “azad sənətkar” adlandırğı yalnız top ötürüləndən-ötürülənə, ancaq hücumdan-hücuma oyuna qoşulan futbolçu idi. Anatoli meydanın hər nöqtəsində rəqib oyunçu ilə cırmaq-cırmaq mübarizə aparan futbolçu deyildi. Bunu əsas gətirən yığma məşqçiləri bəzən komandanı “qızıl kəllə”dən məhrum edirdilər.

Amma onlar nəzərə almırdılar ki, əgər komanda Banişevskinin oyun üslubuna görə müdafiə zamanı bir oyunçudan məhrum olurdusa, hücum zamanı da onu qorumaq üçün rəqib komanda ən azı bir, bəzən hətta iki müdafiəçi ayırmalı olurdu. Məşhur 9 nömrənin özü ilə çəkib apardığı, onu dabanqırma izləyən futbolçu hesabına rəqib komandanın müdafiə xəttində boşluqlar yaranırdı.

Xeyli fasilədən sonra Anatoli Banişevski “Neftçi”nin baş məşqçisi Valentin Xlıstovun təkidi ilə yenidən məşqlərə başladı və həmin il ikinci dövrənin ilk oyununda doğma komandanın heyətində meydana çıxdı.

Yenə tribunalar “Banya, Banya” deyə onu hayladı, yenə havaya qalxan topa başla zərbə vurmağa tullanan mərkəz hücumçusunu alqışladı, yenə onun qarşısıalınmaz zərbələri qapı torunu silkələyərək azarkeşlərə sevinc bəxş etdi.

İdman karyerasının son illərində Banişevski daha çox ikinci hissədə meydana çıxırdı. Tamaşaçılar onun qaçış cığırlarında görünməyini böyük intizarla gözləyirdilər. Böyük coşqu ilə qarşılanan hücumçunun oyuna daxil olmağı ilə mənzərə dəyişirdi, onun liderlik etdiyi hücum xətti komandanı qələbəyə daşıyırdı.

Təəssüf ki, istedadlı futbolçunun yaşıl meydanlarda qopardığı fırtına o qədər də uzun sürmədi. SSRİ çempionatında 288 oyuna 121 qol, SSR yığma komandasının heyətində 50 oyuna 19 qol, SSRİ kubokunda 30 oyuna 15 qol...

Banişevski dünya çempionatı və SSRİ birinciliyinin bürünc, Avropa çempionatının gümüş mükafatçısı idi. Azərbaycan futbolu tarixində 100-dən çox qol vuran hücumçuların “Qriqori Fedotov klubu”nun yeganə üzvü oldu.

Ötən sərin 80-ci illərinin ortalarında Burkina-Fasonun gənclərdən ibarət yığma komandasında baş məşqçi işləməyə dəvət aldı. Bu, Afrika ölkəsində siyasi həyatın burulğanlı dövrünə təsadüf etdi. Elə dövrə ki, hətta üsyançılar futbol matçı zamanı meydana soxulublar, onun gözünün qarşısında ölkənin ali rəhbərlərindən kimisə vəhşicəsinə qətlə yetiriblər.

Həmin hadisədən sonra dəhşətli qorxu hissi keçirən Anatoli şəkərli diabet xəstəliyi tapdı.

Qaçış sürətinə heç kəsin çata bilmədiyi Banişevskini fələk ömrün yarı yaşında haqladı. Düz on ilə yaxın müddətdə ley öz şikarının üstünə şığıyan kimi şəkərli diabet xəstəliyi də onun canına çökmüşdü. Nə həkimlər, nə xeyriyyəçilər, nə də onun vurğunu olan futbolsevərlər bakılı malakan balasını xəstəliyin cəngindən qurtara bildilər.

Dostları, yaxınları, komanda yoldaşları onun çarpayısının başında keşik çəkirdilər. 1997-ci il dekabrın 8-də son nəfəsi gedib-gələn Banişevskinin komanda yoldaşlarından olan Adil Babayev dua edir: “Ay Allah, onsuz da aparırsan, barı bircə gün də möhlət ver, qoy sabah ayın 9-u olsun. Həmişə 9 nömrə oynayıb, ölüm tarixi də ayın 9-na düşsün”...

Ömür möhləti uzanır, dekabrın 10-da futbol ulduzu sönür...

Ölümündən bir il əvvəl “Şöhrət” ordeninə layiq görülən Anatoli Andreyeviç 51 yaşında vəfat edir.

Milyonlara sevinc bəxş edən milyonların kədərinə çevrilir...

…Banişevski futbolun ulduzlarından idi. Onun topu qəbul etməyi kifayət idi ki, rəqib komandanın müdafiə xətti pərən-pərən düşsün. Ona qarşı oynayan komandaların məşqçilərinin əsas tapşırığı Banişevskini topsuz qoymaq, topun ona çatmasına imkan verməmək idi. Buna baxmayaraq, o, 90 dəqiqə ərzində bir neçə dəfə fürsət tapıb oyuna qoşulur, topu qəbul edir, tamaşaçıları həyəcanlandırır və sevindirirdi. “Neftçi”nin əvəzolunmaz hücumçusunu milyonlara sevdirən bu peşəkarlığı idi.

Lakin o, öz istedadı, intuisiyası, qol duyumu, hücumçu keyfiyyətləri ilə yanaşı, həm də doğulduğu torpağa bağlılığı, sədaqəti ilə seviləcək.

Verdiyi müsahibələrdən birində elə belə də demişdi: “Seçim qarşısında qalsaydım, yenə də futbolu, sonsuz minnətdar olduğum Bakını və “Neftçi”ni seçərdim”...

Banişevskiyə sonsuz sevgi qazandıran həm də budur...

Süleyman Qaradağlı, Azərtac

Digər Xəbərlər
Xəbər Lenti