Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Türkiyədə əməliyyat olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O, əməliyyatın uğurlu keçdiyini bildirib:
“Elxan müəllim qolundan, ayağından və səhv etmirəmsə, çanaq sümüyündən əməliyyat olunub. Ümumi vəziyyəti normaldır.
Bərpa dövrü bir müddət çəkəcək. Azərbaycana qısa zamanda qayıdacağını düşünmürəm. Ən azı 1 ay orada qalacaq”.
S.Abdullayev müalicəsini Bakıda davam etdirən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin isə daha bir neçə gün xəstəxanada qalacağını vurğulayıb:
“Durumu yaxşıdır, fizioterapiya müalicəsi alır. Bayram günlərində xəstəxanada olacaq”.
Peşəkar Futbol Liqasının qəzada xəsarət alan digər əməkdaşları - icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev bir müddət öncə evə buraxılıblar.

