Ayaq üstə - Qarmaqarışıq və həyatımın ən möhtəşəm hissləri...

23 Dekabr 2023 00:50 Hadisə 610
Ayaq üstə - Qarmaqarışıq və həyatımın ən möhtəşəm hissləri...

Qarmaqarışıq və həyatımın ən möhtəşəm hissləri...

2023-cü il, 21 dekabr, saat 02:00. Bakı, "Koroğlu" metrosu. Burdan görün hara - Xankəndiyə gedirik!!!

Bu gecənin yuxusu deyil, gerçəkdi! Röya deyil, reallıqdı! Bu günü bizə Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev başda olmaqla əzəmətli ordumuz, şəhidlərimiz, qazilərimiz bəxş edib. Zəfər və haqq savaşımızda əməyi keçən bütün cəngavərlərimizin qarşısında baş əyirəm.

...Sözlə ifadə ediləsi hisslər deyil! Emosiyalar qarışır, aşır-daşır!

Möhtərəm cənab Prezindetimiz, Müzəffər Ali Baş Komandanımız Xankəndi stadionunda 30 ilin zülmünə elə gözəl, səviyyəli, səlis, ən əsası təvazökar nitqlə nöqtə qoyur ki, gizlincə sağ-solumda oturmuş həmkarlarımdan aralanıb ...ağlayıram...

Bu həmkarlar Space TV-nin az qala yarandığı gündən ən ünlü idman siması Tural Xudiyev və Estafet.az saytının rəhbəri, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Natiq Nəsirovdu.

Tural Cəbrayıl, Natiq Göyçə məcburi köçkünü idi. Hərəsinin ailəsində neçə şəhid var...

Amma Tural artıq nə məcburi köçkündü, nə də qaçqın! Qarabağ qəhrəman ordumuzun şücayəti, Müzəffər Ali Baş Komandanımızın müdrik və cəsarətli siyasəti ilə işğaldan azad edilib. Tural atası Kamil kişinin Cəbrayıldakı evinə qayıdacaq. Nəvə Kamil babasına, atasına, qəhrəman şəhid əmilərinə layiq övlad olduğunu dərk edərək doğma Cəbrayılına, Azərbaycanına, ailəsinə, dədə-babasına layiq oğul olacaq.

İnşallah, Natiq də tezliklə doğma Göyçəsini görər...

...Hisslər o qədər qarışır, aşıb-daşır ki... Ümummilli Lider Heydər Əliyevin duyğusal videosu, sözləri Xankəndi stadionuna toplaşan azarkeşləri kövrəldir. Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyev elə çıxış edir ki, nə qədər möhkəm insan olsan da, qeyri-ixtiyari gözündən su gedir. Bu həm sevinc hissindən, həm də bu tarixi zəfər üçün canından keçən igidlərimiz üçün axan yaşdı...

Birinci-vitse prezident Mehriban xanım Əliyeva...

Protokola görə cənab Prezidentə və birinci vitse-prezidentə ayrıca, məxsusi, stadionun ən gözəl görüntüsü olan yer ayrılır. Cənab Prezident Azərbaycanın Qarabağında Azərbaycan komandalarının 30 ildən sonra meydana çıxdığı ilk matçda topa birinci zərbə endirərək dərhal uşaq kimi yerinə qaçır.

...Və o yerə kənar tribunalarda əyləşmiş şəhid övladlarını dəvət edir!

Oyun bitənəcən futbolu unudub bu uşaqlarla səmimi söhbətləşirlər. Mehriban xanım adlarını tariximizə qızıl hərflərlə yazdırmış qəhrəmanlarımızın yadigarları olan övladlara öz əlləri ilə hədiyyələr verir...

Bu səhnələrə baxıram. Azərbaycanlı olduğumla fəxr edirəm. Ürəyimdə "Nə mutlu Azərbaycanlıyam deyənə" deyirəm.

Bakıya qayıdırıq. Dostlarımın mənə hədiyyə etdiyi "İti qovan" arağını Xankəndiyə aparmadım. Paytaxtda dəyərli dindar qardaşın məkanında əyləşib həmkarlarla özümüzün apardığımız içki ilə bu tarixi günü qeyd edirik. Azərbaycanın belə bir dünyəvi ölkə olması ayrıca gözəllikdi və bu da həm də cənab Prezidentin sayəsindədi.

Dəyərli həmkarlara Müzəffər Ali Baş Komandanın şərəfinə ayaq üstə içək deyirəm. Tanıyanlar bilir ki, yaltaq tip deyiləm. Bu səmimi, üərkdən gələn sağlığa ayaq üstdə içirik.

Çox inanıram ki, bundan sonra ölkəmiz üçün hər şey daha yaxşı olacaq.

Müharibə, ən çətin dövr keçdi, qalan problemlərin həlli asandı. Futbol da, səhiyyə də, təhsil də, sosial problemlər də düzələcək. Hətta rüşvət də!

Mən buna ürəkdən inanıram.

Prezidentimizin səmimiyyətinə, özgüvəninə, səmimiyyətinə baxıb inanıram!!!

Mütləq düzələcək!

Həllini ağlımıza gətirmədiyimiz problem həllini tapdısa, hər şey əla olacaq!

Yaşasın, qalib Azərbaycan!

P.S. Peşəkar Futbol Liqasının qısa müddətdə bu cür gözəl oyunun təşkilində xidmətini qeyd etməsəm, haqsızlıq olar. Sağlıq durumlarına görə Xankəndiyə gələ bilməyən futbol qazilərimiz Elxan Səmədova, Aslan Şaşhgəldiyevə, Elgiz Abbasova, Sənan Abdullayevə Allahdan tezliklə şəfa tapmalarını diləyirəm (sports.az).

Anar Şabanoğlu (Xankəndi)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti