Ölkə kubokunun 1/8 final mərhələsinin “Araz-Naxçıvan” – “İrəvan” qarşılaşması Premyer Liqa üçün tarixin yaddaşına qovuşan “ASK Arena”da keçirildi.
Arena elita üçün yadlaşsa da, oyunun əhəmiyyətini və “İrəvan”ın yüksək iddialarını əsas tutub stadionun yolunu tutmuşduq. Mən və digər mətbu orqanlardan olan ilk həmkarım.
Təşkilatçılar oyuna necə hazırlaşmışdılar, deyə bilmərəm. Amma jurnalistlərin rahatlığını və iş fəaliyyətini səhmana salmaq nədənsə yaddan çıxmışdı.
“Keşlə” rəqiblərini “ASK Arena”da qəbul edən vaxtlarda pis-yaxşı media sektoru yaradılmışdı. Ayaq altında olsa da, masa və oturacaqlar var idi, elektrik yuvaları quraşdırılmışdı. İnternet şəbəkəsi ötürülürdü, oyun protokolu paylanırdı.
Təəssüf ki, bütün bunları keçmiş bitmiş zamanda təqdim etməyə borcluyam. Çünki bu dəfə nə media sektoru var idi, nə bilgisayar qoymaq üçün masa, nə şarj yığması üçün elektrik yuvası, nə protokol, nə də internet. Oturacaqlar da toz yox, palçıq qatı ilə örtülmüşdü.
Keçmiş media sektorun yuxarı hissəsində oturacaqlı və masalı xüsusi yer var ki, əvvəl orada xüsusi qonaqlar əyləşirdi. Bu dəfə həmin otuaracaqlarda qonaqlar və jurnalistlər yox, fərasəti olanlar oturmuşdu.
Oyundan sonra mətbuat konfransının keçirilməsi haqda “İrəvan”ın baş məşqçisi Nazim Süleymanova məlumat verəndə, adam çaşdı: “Nə? Mətbuat konfransı? Mənə heç kim heç nə deməyib axı”.
Bir təhər başa sala bildik ki, jurnalistlərin suallarını cavablandırmaq lazımdır. Sağ olsun, gəlib danışdı. “Araz-Naxçıvan”ın çalışdırıcısı Azər Bağırov sorğu-suala hazır idi.
Polisin mühafizəçilərdən birinə “jurnalistləri içəri buraxaq” sualına asayiş keşikçisi cavab verməkdə çətinlik çəksə də, başa saldıq ki, mətbuat konfransına girməliyik, futbolçulardan müsahibələr almalıyıq.
Dəhlizə keçməyi bacardıq. Ancaq müsahibə üçün miks-zona yaradılmamışdı. AFFA nümayəndəsi işə qarışandan sonra “Araz-Naxçıvan”ın paltardəyişmə otağının qarşısına məhəccərə bənzər iki dəmir parçası yerləşdirdilər ki, alın, bu da sizə miks-zona.
Bunun adı biabırçılıqdır, bəylər. Ölkə kubokunun oyununda jurnalistlərin rahatlığını və iş fəaliyyətini təmin etmək cavabdeh şəxslərin boynunun borcudur. Media mənsubları klublarınızın oyunlarını işıqlandırmaq üçün zəhmətə qatlaşıb stadiona gəlirsə, siz də əziyyətə çəkib lazım olan şəraiti yaratmalısınız.
Futbolçuların ayağında butsun, hakimlərin cibində vərəqənin olması nə dərəcədə vacibdirsə, oyunda jurnalistlərin iştirakı və gərəkən hazırlıqların görülməsi bir o qədər əhəmiyyətlidir.
HƏBİB / SPORTİNFO.AZ

