Azərbaycan kubokunun 1/8 final mərhələsində "İmişli" Qəbələdə yerli komandanın qonağı olacaq.
Püşkatmanın nəticələrinə əsasən oyun İmişlidə keçirilməliydi.
Lakin yarışın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasının əməkdaşları İmişlidəki stadionun tələblərə cavab vermədiyini əsas gətirərək qarşılaşmanın Qəbələdə baş tutmasına qərar verib.
"İmişli"nin çıxarılan qərardan narazı qaldığını sosial şəbəkə hesabındakı paylaşımdan anlamaq çətin deyil.
Bölgə təmsilçisi İmişli stadionunun paltardəyişmə otağından şəkil paylaşaraq, "siz gəlməli idiniz, amma biz ünvanınızdayıq!" yazıb.
Atmacanın qərarı verən PFL-ə yox, "Qəbələ"yə atılması maraq doğurmaya bilməz.
HƏBİB / SPORTİNFO.AZ

