Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.
Qəzaya düşənlər Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, həmçinin Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacı-Məhərrəmovdur.
PFL prezidentinin hər iki ayağı sınıb. Vitse-prezident onurğa sütunundan ağır zədə alıb.
Yarışların Təşkili və Keçrilməsi Departamentinin rəisi E.Abbasovun da ayaqlarında sınıq aşkarlanıb. İdman direktoru postunu tutan Z.Hacı-Məhərrəmov burun nahiyəsindən ciddi zədə alıb.
Hadisənin hansı şəraitdə baş verməsinə dair müxtəlif fərziyələr mövcuddur. Onlardan ən inandırıcı olan sürücünün bir anlıq yuxulaması və sükana nəzarəti itirməsidir.
Sportinfo.az Trend-ə istinadən nəqliyyat vasitəsinin qəzadan sonrakı görüntülərini təqdim edir:





