COP29

Bu gün Avropada 1 aylıq futbol bayramı başlayır - Kim parlayacaq?

14 İyun 13:40 Avropa çempionatı 863
Bu gün Avropada 1 aylıq futbol bayramı başlayır - Kim parlayacaq?

Bu gün 17-ci Avropa çempionatına start veriləcək.

Sportinfo.az xəbər verir ki, qitənin ən güclü milli komandaları bu dəfə Almaniyaya toplaşacaq.

İyunun 14-də start veriləcək turnir iyulun 14-dək davam edəcək. 24 komandanın mübarizə aparacağı turnirin oyunları Almaniyanın 10 şəhərində keçiriləcək. Final qarşılaşması isə Berlin şəhərindəki Olimpiya stadionunda baş tutacaq.

İndiyə qədər keçirilən 16 Avropa çempionatında 10 müxtəlif komanda qalib olub. Turnir ilk dəfə 1960-cı ildə keçirilib. Fransada baş tutan yarışın qalibi isə SSRİ milli komandası olub. Finalda Yuqoslaviya ilə qarşılaşan SSRİ yığması əlavə vaxtda vurulan qolla 2:1 hesablı qalibiyyətə sevinib.

Avropa çempionatlarının ən çox qalibi olan komandalar isə Almaniya və İspaniya yığmalarıdır. Onlar 3 dəfə bu turnirin qalibi olmağı bacarıblar. Yalnız İspaniya yığması ardıcıl iki dəfə turnirin qızıl medallarına sahib çıxıb. Prineylilər 2008 və 2012-ci illərdə kuboku başları üzərinə qaldıra biliblər.

AÇ-2024 həm də bir komanda üçün ilk olacaq. Belə ki, Gürcüstan yığması tarixində ilk dəfə qitənin ən böyük futbol yarışının final mərhələsində çıxış edəcək. Onlar Türkiyə, Portuqaliya və Çexiya ilə eyni qrupda mübarizə aparacaqlar. Son illərdə bir çox futbolçuları Avropanın nüfuzlu liqalarında oynayan gürcülərin turnirdə də sürprizlərə imza atacağı gözlənilir. Komandanın ulduzu Xviça Kvaratsxeliya üçün yarış həm də fürsət olacaq. 2022/2023-cü illər mövsümünün parlayan ulduzu son mövsümdə o qədər də diqqət çəkə bilmədi. Bu dəfə isə Avropa çempionatında bir çox gənc oyuçular kimi diqqətlər həm də onun üzərində olacaq.

Azərbaycanlı azarkeşlərin diqqəti isə təbii ki, əsas Türkiyə milli komandasının matçlarına yönələcək. Tarix yazan gürcülərlə yanaşı Portuqaliya və Çexiya yığması ilə mübarizə aparacaq “ay ulduzlular”dan yenə də nəticə gözlənilir. Təcrübəli futbolçularla gənclərin vəhdətindən formalaşdırılan komandada əsas diqqətlər Madrid “Real”ının üzvü Arda Gülərin üzərində olacaq. Hakan Çalhanoğlu, İrfan Can Kahveci kimi təcrübəli futbolçularla yanaşı Semih Kılıçsoy, Kənan Yıldız kimi gənclərdən də uğurlu çıxış gözlənilir. Vinçenzo Montellanın komandası heç də çətin qrupda yer almır. Turnirin favoritlərindən Portuqaliyanı çıxsaq, digər iki milli heyətinə görə Türkiyədən geri qalır. Çexiya və Gürcüstan yığmalarını məğlub etmək o qədər də çətin olmamalıdır.

Turnirin ümumi favoritlərinə gəlincə, Fransa, İspaniya, İngiltərə, Almaniya və Portuqaliya birinciliyə əsas namizədlərdən göstərilir. Bu komandalar arasında gərgin mübarizə gedəcəyi gözlənilir. Xüsusən, son illərdə ulduz futbolçularla dolu heyətlər formalaşdırmış Fransa və Portuqaliyanın şansları yüksək qiymətləndirilir. İspaniya və İngiltərə isə istedadlı gənc oyunçulardan ibarət komandalar kimi çempionluğa namizədlər sırasındadırlar. Almaniyanın isə son matçlarda yaxşı çıxışı onların da doğma meydanlarda keçiriləcək turnirdə qalib olacağı şanslarının yüksək olması barədə fikirlər yaradıb.

AÇ-2024-ə Almaniya – Şotlandiya matçı ilə start veriləcək. Qarşılaşma iyunun 14-ü Bakı vaxtilə saat 23:00-da başlayacaq (“qafqazinfo”).

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!