COP29

Dörd komanda ilə başlayan marafonun 17-ci dayanacağı – AVRO-2024

14 İyun 08:30 Avropa çempionatı 626
Dörd komanda ilə başlayan marafonun 17-ci dayanacağı – AVRO-2024

Avropa çempionatı 1960-cı ildən təşkil edilir.

Həmin vaxt Fransanın ev sahibliyi etdiyi ilk turnirdə meydan sahibləri ilə yanaşı, SSRİ, Yuqoslaviya və Çexoslovakiya mübarizə aparıb.

SSRİ-nin qalib gəldiyi yarışda növbəti sıraları müvafiq komandalar tutublar. Çempionat ilk illərdə 4 yığmanın iştirakı ilə gerçələşib. Yalnız 1980-cı ildə komanda sayı 8-ə çatdırılıb.

1996-cı ildən 2016-cı ilədək isə 16 kollektiv "köhnə qitə"nin bir nömrəli turnirində iştirak edib. 2016-cı ildə Fransadakı yarışda və pandemiyaya görə 2021-ci ilə təxirə salınan AVRO-2020-də 24 ölkə yer alıb. Almaniyada da eyni sayda komanda meydana çıxacaq.

Əvvəlki 16 çempionatda Almaniya (1972, 1980 AFR, 1996) və İspaniya (1964, 2008, 2012) 3, İtaliya (1968, 2021) və Fransa (1984, 2000) 2, SSRİ (1960), Çexoslovakiya (1976), Niderland (1988), Danimarka (1992), Yunanıstan (2004) və Portuqaliya (2016) çempionluq sevinci yaşayıb. Yalnız İspaniya iki dəfə ardıcıl olaraq titula sahib çıxa bilib.

Almaniya (ikisi AFR) və SSRİ 3, İtaliya ilə Yuqoslaviya 2, Belçika, İspaniya, Çexiya, Portuqaliya, Fransa və İngiltərə hərəyə 1 dəfə finalda məğlub olublar.

Avropa çempionatları tarixinin bombardiri isə portuqaliyalı ulduz Kriştianu Ronaldudur. 39 yaşlı hücumçu indiyədək qatıldığı beş yarışda 14 qola imza atıb. İkinci sırada Fransa yığmasının əfsanəvi hücumçusu Mişel Platini (9 qol) qərarlaşıb. O, bu qolların hamısını 1984-cü ildə keçirilən Avropa çempionatında vurub.

Almaniyadakı AVRO-2024-də meydan sahibləri ilə yanaşı, Albaniya, Avstriya, Belçika, Xorvatiya, Çexiya, Danimarka, İngiltərə, Fransa, Gürcüstan, Macarıstan, İtaliya, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Şotlandiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə və Ukrayna milliləri mübarizə aparacaqlar.

Yarış 10 şəhərdəki 10 stadionda baş tutacaq. Paytaxt Berlinlə yanaşı, Dortmund, Düsseldorf, Frankfurt-Mayn, Helzenkirhen, Hamburq, Köln, Leyptsiq, Münhen, Ştutqart turnirə ev sahibliyi edəcək.

Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək XVII Avropa çempionatının açılış oyunu sabah, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?