Avro-2024-də qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün 4 matç oynanılır.
D qrupunda Niderland Avstriyaya 2:3 hesab ilə uduzub, Fransa isə Polşa ilə 1:1 hesablı heç-heçə edib. Bununla da Avstriya qrup lideri kimi, Fransa isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb.
Polşa yarışda mübarizəni başa vurub. Niderland isə hələ də 1/8 final şansını davam etdirir. Çünki reqlamentə əsasən, qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komanda pley-offa adlayacaq.
C qrupunda isə İngiltərə Sloveniya ilə, Danimarka Serbiya ilə qarşılaşacaq. Sözügedən oyunlara Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Fransanın baş məşqçisi Didye Deşam:
"Heç məyus deyiləm. Əlbəttə ki, birinci yeri tutmaq istəyirdik, amma rəqib qapıçı əla idi. Polşa millisinin qapıçısı Lukas Skorupskini çoxlu seyvlər etdi. Qapıçını qiymətləndirmək lazımdır. Şanslarınız ola bilər, amma həmişə qol vura bilməzsiz".
Polşanın baş məşqçisi Mixal Probyerz:
"Mübarizəni dayandırmağımıza baxmayaraq, azarkeşlərimizə dəstəkləri üçün təşəkkür etmək istərdim. Sona qədər mübarizə apardıq, yaxşı oyunlarımız oldu. Mən yenə də futbola davam etmək istəyirəm. Oyunçulara sadiqliklərinə görə təşəkkür edirəm. Pley-offa vəsiqə qazana bilmədiyimiz üçün təəssüf ki, buradan ayrılmaq məcburiyyətindəyik".
Avstriyanın baş məşqçisi Ralf Ranqnik:
"Məncə, biz sonda qələbəyə layiq idik. Ümumilikdə qalib gəlmək üçün daha böyük iradəmiz və meydanda həddindən artıq enerji sərfiyyatımız var idi ki, bunu matçın hər mərhələsində hiss edə bilərdiniz. Buraxdığımız qollara əyilmədiyimizə, oyun üslubumuza sadiq qaldığımıza görə futbolçularıma təşəkkür edirəm".
Niderlandıin baş məşqçisi Ronald Kuman:
"Bir çox aspektlərdə çox pis başladıq. Aqressiv deyildik və rəqibə təzyiq yox idi. Matça nəzarət etmirdik. Sonradan bir qədər yaxşı oynadıq və fürsətlərimiz oldu. Lakin bizi cəzalandırdılar. Meydanda məsuliyyəti üzərimizə götürməliyik”.
Niderland - Avstriya - 2:3
Qollar: Qakpo, 47, Depay, 75 - Malen, 6-avtoqol, Şmid, 59, Sabitzer, 80
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Berlin Olimpiya Stadionu
Fransa - Polşa - 1:1
Qollar: Mbappe, 56-pen. - Levandovski, 79-pen.
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund, "Siqnal İduna Park"
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Avstriya | 3 | 2 | 0 | 1 | 6-4 | 6 |
| 2 | Fransa | 3 | 1 | 2 | 0 | 2-1 | 5 |
| 3 | Niderland | 3 | 1 | 1 | 1 | 4-4 | 4 |
| 4 | Polşa | 3 | 0 | 1 | 2 | 3-6 | 1 |

